Ölümün dəhşətli tənhalığını əks etdirən Cakomettinin “Əl” əsəri heykəltəraşın müharibə zamanı öz gözləri ilə gördüyü qoparılmış insan əlinin əsasında düzəldilib. Bu əsər istənilən adamı sarsıtmağa qadirdir.
II Dünya müharibəsi illərində Cenevrədə yaşamış Cakometti müharibədən sonra heykəltəraşlıqda, portret rəngkarlığında və qrafikada yeni tərzdə işləməyə başlayır.
Alberto Cakometti öz heykəltəraşlıq təsvirlərinin xüsusi, unikal və tanınan tipini - uzadılmış, kövrək, səthi döyünən, öz ətrafındakı məkanı ovsunlayan fiqur tiplərini formalaşdırmışdı. Cakometti təsviri sənətin ənənəvi növlərinin qavranılmasını tamamilə dəyişdi, metal və təmiz səthin emal üsullarını qarışdırdı. Heykəltəraşın təsviri sənətdə etdiyi inqilab - heykəllərin təməlinin dəyişdirilməsi hesab olunur. O, həcmi sadələşdirdi, fiqurları tamamilə incəltdi, seyrək konstruksiyalar tətbiq etdi.