Miro poeziya toplularına illüstrasiyalar çəkərkən də maraqlı əsərlər yaradıb. 1971-ci ildə isə özünün “Qızıl lələkli kərtənkələ” adlı kitabını nəşr etdirib.
Miro sürrealizmin ən parlaq nümayəndələrindən biri olmuşdur. Yalnız Mironun yaradıcılığında özünəməxsus, xarakterik olan sirr və rəmzlərlə dolu fərdi üslub tərzini görmək mümkündür və bu fərdi üslubun formalaşmasında məhz sürrealizm həlledici rol oynamışdır.
Sürrealizm tarixdə və incəsənətdə parlaq səhifəyə çevrildi. Bu istiqamətin əsərləri öz qeyri-gerçək aləmi ilə tilsimləyir və özünə çəkir. Onları anlamaq çətindir, elə bu səbəbdən də insanları cəlb edir. Xuan Miro özünün poetik sürrealizm variantını yaratmağa qadir oldu.
1975-ci ildə Barselonada rəssamın muzeyi - Xuan Miro Fondu - Müasir incəsənətin Təbliği və Tədrisi Mərkəzi açıldı. Xuan Miro hələ 1968-ci ildə, nəhəng fərdi sərgisindən sonra muzey təsis etmək fikrinə düşmüşdü. O özünün və müasir incəsənətin digər təmsilçilərinin əsərlərinin sərgilənəcəyi yeni bina yaratmaq istəyirdi. Fondun eksponatları çox müxtəlifdir və bura həm rəssamın erkən işləri, həm də onun daxili aləminin müxtəlif tərəflərini əks etdirən çox məşhur əsərləri daxildir.
Əsərlərin çoxunu fonda Miro özü bağışlayıb. Kolleksiya 300 rəngkarlıq əsəri, 10 min rəsm və 150 heykəldən ibarətdir, burada çox sayda toxuculuq və keramika nümunələri sərgilənir.
Bu gün Xuan Mironun adı bəşəriyyətin düşüncəsində kətan və gil üzərində bütün aləmin əks olunduğu qeyri-adi rəngarəng fikirləri təcəssüm edir.
Təchizat: rəngli karandaşlar, flomasterlər, quaş
Müəyyən edin
Yaradıcı fəaliyyət