Mironun “Qadın və quş” (1983) adlı heykəltəraşlıq əsəri Barselonada Xuan Miro parkında ucaldılmışdır. Ustadın 22 metr hündürlüyündə olan əsəri həm şlyapalı qadın, həm də quş obrazı formasındadır. Heykəlin səthi qırmızı, sarı, yaşıl və göy (Mironun ən sevimli rəngləri) keramika ilə örtülüb.
Miro Harvard Universitetinin yeməkxanasını (1960-1961), Sankt- Qallendə Ali iqtisadi Elmlər Məktəbinin binasını (1964), Sen-Pol-de-Vansda Meq Fondunun divarını (1968), Barselonada hava limanını (1970) bəzəyən bir sıra monumental keramik pannoların müəllifidir.
Mironun rəngkarlıq və heykəltəraşlıq əsərlərini birləşdirən ümumi cəhətlər hansılardır?
1920-ci illərin ortalarında Miro real, tanınan obrazları özünün icad etdiyi gizli, müəmmalı dilə çevirməyi öyrənir. Çəkilmiş əsər - artıq süjetli kompozisiyadan daha çox, sehrli düsturdur. Yalnız insanın təxəyyülü kətan üzərinə səpələnmiş detallardan, ayrı-ayrı həndəsi fiqurlardan, düz, sınıq, qıvrıq xətlərdən, ələkeçməz alov dillərindən bütöv bir tamlıq yarada bilər. Bu detalların hər birini açmaq mümkündür. Sirli işarələr rəssam tərəfindən uydurulmamışdır. Miro bunları ənənəvi və xalq sənətinin dərindən öyrənilməsi nəticəsində kəşf etmişdir.