Rəssamların yaratdığı əsərlər hansı təəssüratı doğurur? Onlar bununla nə demək istəyiblər? Təsvir edilmiş rebusları açmaq mümkündürmü?
Kubizm cərəyanı abstraksionizmdən nə ilə fərqlənir? Kubizmin yaranmasına nə təkan oldu?
Tanış olun
Ötən yüzillik dünyaya bir sıra müəmmalı dahi bəxş edib. Salvador Dali bu siyahıda fəxri yer tutur. O, əsrin yaşıdı sayılır və çoxşaxəli istedadı ilə dünya mədəniyyəti və incəsənətinin inkişafına böyük töhfələr verib.
İki dahi rəssam - Dali və Pikasso tamamilə bənzərsiz baxışları ilə dünyanı heyran etdilər və həyatın mövcud qanunlarını dəyişdilər. Dünya haqqında təsəvvürlər hər birində fərqli idi və onların yaradıcılığı alışdığımız düşüncədən bir qədər seçilirdi. Əgər Pikassonun yaradıcılığını azacıq olsa da başa düşmək olurdusa, Dali nəinki öz yaradıcılığı, həm də həyatdakı davranışı ilə ya heyranlıq, ya da təəssüf hissi doğururdu.
Salvador Dali sürrealizm cərəyanının görkəmli nümayəndəsi və XX əsrin ən nüfuzlu incəsənət xadimlərindən biri idi. Rəssamın qeyri-adi xarakteri, nadir istedadı və olduqca yaradıcı rəngkarlıq üslubu ona şöhrət qazandırdı.
Dali yaradıcılığında toxunmadığı mövzu qalmamışdı. Bu, atom bombası, vətəndaş müharibələri, elm, incəsənət və hətta yemək hazırlanmasına dair əsərlər idi. O hətta sağlam düşüncə tərzinə malik insanın dərk edə bilmədiyi hər bir şeyi ağlasığmaz təsvirlərə çevirirdi.