Rəssamlar həndəsi fiqurların köməyi ilə bütöv təsviri necə çatdırırdılar?
Tanış olun
XX əsrdə müasir təsviri sənətin inkişaf tarixində öz sənəti ilə dərin iz qoymuş və heykəltəraşlığın fəlsəfi fikrini müəyyən edən görkəmli rəssamlardan biri də Naum Qabodur.
O, konstruktivizmin1 və kinetik2 sənətin əsasını qoyanlardan biridir. Çox zaman onun əsərlərinin elm ilə əlaqəli olduğunu deyirlər. Belə ki, Qabonun heykəlləri həmişə elmi və riyazi görünüşə malikdir. Qabonu təbiətin yaratdığı təbii formaların gözəlliyi və harmoniyası maraqlandırırdı. Naum Qabo rəssamlıq deyil, mühəndislik təhsili almışdı. Münhen Universitetində təbabəti, təbiət elmlərini və mühəndislik sənətini öyrənmişdi.
Naum Pevzner (əsl soyadı) kubizmin təsiri altında rəssam olacağına qərar verir və yaratdığı konstruktivist heykəllərinə “Qabo” təxəllüsü ilə imza atır. O, hələ uşaq ikən özünü rəssam qardaşı Antuan Pevznerdən fərqləndirmək üçün soyadını dəyişmişdi.
Qabo müxtəlif üsul və materiallardan istifadə edirdi: polad, neylon ip, məftil, güzgü, bürünc, alüminium və s.
1Konstruktivizm (fr. constructivisme, lat. constructio - “tikili” sözündən) - XX əsrin 20-30-cu illərində inkişaf etmiş, bədii obrazın əsasını kompozisiyanın deyil, konstruksiyanın təşkil etdiyi avanqard üslub (metod, istiqamət). Formaların ciddiliyi, həndəsiliyi, lakonikliyi və zahiri görünüşün əzəmətliliyi ilə səciyyələnir.
2Kinetik sənət yaxud kinetizm (yun. kinetikos - hərəkətə gətirən) - müasir incəsənətdə formanın hərəkəti ideyasına əsaslanan, hərəkət edən obyektlərin geniş tətbiqi ilə əlaqəli cərəyan. Kinetizm işıq və hərəkətin köməyi ilə sənət əsəri yaratmağın mümkünlüyü barədə təsəvvürə əsaslanır.