Rəngkarlıq əsərlərində hərəkəti, hisləri hansı vasitələrlə göstərmək olar?
Abstrakt (mücərrəd) təsvirlərdə xətlər hansı məna daşıyırdı?
Tanış olun
Son zamanlar “avanqard”1 sözü çox tez-tez istifadə edilir. Lakin onun nə demək olduğunu heç də hamı bilmir.
İncəsənətdə avanqard cərəyanı klassik qanunları pozaraq ənənəvi sosial-mədəni dəyərlərə olan münasibəti dəyişir. Bununla belə, bu hərəkat qəbul etdiyi ideya əsasına görə bir-birindən əsaslı surətdə fərqlənən çoxlu sayda müxtəlif məktəblərdən ibarətdir. Təsviri sənətdə bu cərəyan modernizmlə çox sıx bağlıdır. Belə ki, onun çiçəklənməsi XX yüzilliyin əvvəlinə təsadüf edir. Kubizm, ekspressionizm2, konstruktivizm, primitivizm və bir çox bu kimi başqa cərəyanlar ona aid edilir.
Avanqardizm Fransada yaranıb, sonralar Almaniya, İtaliya və digər ölkələrə yayılıb. Bu hərəkatın nümayəndələri qəbul edilmiş bütün normaları, qayda və idealları pozmağa çalışırdılar. Avropa mədəniyyəti əvvəllər heç zaman bu qədər cərəyan, istiqamət, fərdi üslub rəngarəngliyi görməmişdi. Avanqardçılar incəsənətin dilini xeyli zənginləşdirdilər, yeni ideyaların geniş spektrini təklif etdilər. Onların arasında P.Pikasso, A.Matiss, V.Kandinski, S.Dali və bu kimi böyük sənətkarlar var idi. Bütün fərdi üslub müxtəlifliyinə baxmayaraq, onlar birgə səylə təbiəti təqlid etməyən, rəssamın yaradıcı özünüifadəsinin əsasında yaranan yeni bədii sistemi araşdırdılar. Avanqardçılar müasir dövr incəsənətinin əsl yolgöstərənləri oldular.
Avropa avanqardının görkəmli simalarından olan Pol Kli abstrakt sənətin inkişafına böyük təsir göstərmişdir. Pol Klinin yaradıcılığının çiçəklənməsi modernizmin müxtəlif istiqamətlərinin yaranması və inkişafı dövrünə təsadüf edir.
1Avanqard, avanqardı́zm (fr. avantgarde - irəli, mühafizə) - XIX-XX əsrlərdə dünyada, ən əsası - Avropa incəsənətində yaranmış cərəyanların ümumiləşdirilmiş adı. “Avanqard” anlayışı fransız mənşəlidir, tərcümədə “irəli” və “mühafizə” mənasını verən iki sözdən ibarətdir.
2Ekspressionizm (fr. expressionnisme - ifadə) - XX əsrin əvvəllərində Avropa incəsənətində bədii cərəyan. I Dünya müharibəsinin dəhşətlərindən mənəvi sarsıntı keçirən rəssamlar əsərlərində bilərəkdən öz hislərini ifadə edirdilər. Müharibəyə etirazın ifadəsi kimi meydana gəlmiş, I Dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə geniş yayılmışdı. Əsərlərin əsas motivləri və obrazları - şəhər mənzərəsinin fonunda dağıntılar, ölüm, xəstəlik, faciə, dəhşət, dərin kədər idi.