Formalar bəzən dərinlik və boşluq yaradaraq rəvan və ayrılmaz şəkildə bir-biri ilə uzlaşır. Mur heç vaxt aydın forma problemləri ilə məşğul olmayıb. Onu təbii formaları xatırladan obrazlar maraqlandırırdı: qədim daşlar, dağ mağaraları, insan vücudu və s.
Çox gənc yaşlarından dahi Mikelancelonun yaradıcılığı Muru məftun etmiş və o, heykəltəraş olmağı qərara almışdır. 1920-ci illərin əvvəllərində Muru erkən sivilizasiyaların incəsənəti daha çox cəlb edirdi. Murun öz üslubu isə zaman keçdikcə formalaşmışdır. O çalışırdı ki, heykəlləri təbiətin özünün yaratdığı kimi - təbii və əbədi olsun. Sanki onlar ucaldığı yerdə yüz illərdir dayanıb, təbiətin zərbələri altında dəyişilib və cilalanıb. Açıq məkanlar üçün nəzərdə tutulmuş əsərlərdə landşaftla əlaqə qorunur. Yarıuzanmış fiqurlar torpağın üstündə elə yerləşib ki, sanki onlar yerdən çıxıb, abstrakt formalar bir-birinə qovuşur.
Murun əsərləri əvvəllər real obyektlərə kifayət qədər bənzəsə də, sonralar abstrakt xarakter daşımağa başladı. Heykəltəraş öz kompozisiyalarını ağacdan, daşdan, bürüncdən, dəmir-betondan və terrakotadan (bişmiş sarı və ya qırmızı gil) yaradırdı. Mur bir sıra əsərlərini ağac və qurğuşundan düzəltmiş, hissələrini tarım çəkilmiş sim və ya mis məftillə bərkitmişdir.
Heykəltəraş öz əsərlərini açıq məkanlarda yerləşdirərək onları ətrafdakı mənzərə ilə qovuşdurmağa səy göstərirdi.
“Kral və kraliça”. 1953-1955. Texnika: bürünc. Üslub: abstraksionizm. Middelheymdə açıq səma altında heykəltəraşlıq muzeyi. Şotlandiya
Henri Murun heykəlləri orta əsr heykəllərindən nə ilə fərqlənir?
Mur tamaşaçıları heykəllərinə insanın anatomik bənzəri kimi deyil, təbii landşaftın bir hissəsi kimi nəzər salmağa məcbur edirdi. Murun bədii dili XX əsr heykəltəraşlığı üçün prinsipial cəhətdən yeni təzahür idi.