3. Göyqurşağı-körpü. Göyqurşağı əsərin sol tərəfinin arxa planındakı məkanı sarayın ucaldığı mavi təpə ilə birləşdirir. Göyqurşağı burada körpünün rəmzidir.
4. Quşlar. Ziqzaqlar və V-şəkilli xətlər uçan quş dəstəsini təsvir edir.
5. Kazaklar və şiş təpələr. Qırmızı papaqlı üç kazak mavi təpənin fonunda təsvir edilib.
6. Təpədəki saray. Alçaq qalanı xatırladan qəsrin cizgiləri bir neçə xətt vasitəsilə göstərilib.
İllər sonra, artıq dahi sənətkar kimi tanınanda rəssam çoxsaylı səyahətlərə çıxır, sənət adamları və tənqidçilər tərəfindən yüksək qiymətləndirilən sərgilər nümayiş etdirir. II Dünya müharibəsi başlayan zaman abstraksionizm faşistlər tərəfindən ümidsizlik sənəti kimi elan edilir.
Kandinski “Amazonka” və “Amazonka dağlarda” adlı şüşə üzərində dekorativ kompozisiyalar da yaradıb. Bu kompozisiyalardan biri Azərbaycan Milli incəsənət Muzeyində saxlanılır.
“Amazonka”. 1911. Şüşə üzərində təsvir,
16x13 sm. Milli İncəsənət Muzeyi.
Bakı, Azərbaycan
Kandinski və digər abstrakt sənətin rəssamları öz zəmanələrinin - dəyişikliklər, inqilablar, elmdə kəşflər, eksperimentlər dövrünün övladları idilər. incəsənət də dünyada baş verənlərdən kənarda qala bilməzdi.
Kandinski aydın xətlərin, ala-bəzək rəng parçalarının dili ilə insan şüuruna toxunmadan birbaşa onun qəlbinə təsir göstərmək istəyirdi. O, təsviri sənəti daha çox abstrakt olan musiqiyə yaxınlaşdırmaq istəyirdi. Bu incəsənət insanın fikirlərini parçalamır, əksinə, onu qeyri-standart fəlsəfi düşüncə obrazına alışdırırdı.
Abstrakt sənət hər kəs tərəfindən qavranıla bilməz. Bunun üçün müəyyən hazırlıq olmalıdır. Lakin bunu incəsənətin inkişafının artıq başa çatmış axtarışlar, təcrübələr dövrütək qəbul etmək və qiymətləndirmək lazımdır. Bədii cərəyan kimi abstraksionizm müasir memarlıq üslubunun, dizaynın, sənaye, tətbiqi və dekorativ-tətbiqi sənətin təşəkkülünə və inkişafına böyük təsir göstərmişdir.
Tarix milyonlarla insan yaradır, amma tarixin axarını dəyişməyə tək-tək insanların kifayət qədər gücü və istedadı çatır. Vasili Kandinski də incəsənətin inkişaf tarixində aparıcı şəxsiyyətlərdən biri olmaq üçün kifayət edəcək keyfiyyətlərə malik insan idi.