Abstraksionizm kubizmin əsasında yarandığından onun məntiqi davamı sayılırdı. Kubizm yaradıcı prosesi əşyavi aləmdən mücərrədliyə doğru apardı. Mücərrəd incəsənət dünyanın, həyatın və insan şüurunun sirlərini aşkara çıxarırdı. Abstrakt üslubda fəaliyyət göstərən rəssamlar öz kompozisiyalarını formal elementlərin - xətt, rəng parçası, formanın yayınan xarici görünüşü əsasında qururdular.
Pikasso kubizm prinsiplərini təkmilləşdirərək, zəif də olsa, təsvirlə gerçək obyektlər arasındakı əlaqəni saxlamış, tam mücərrədliyə gedib çatmamışdır. Pikassonun yeniliklərini digər rəssamlar başa çatdırdılar.
Rəngkarlığın dili rus rəssamı və qrafiki, abstrakt sənətin banisi və nəzəriyyəçilərindən biri olan Vasili Kandinskinin əsərlərində tədricən mücərrədləşir, obrazlılığını və formasını itirir.
Rəng parçalarının və sınıq xətlərin birləşməsindən yaranan kompozisiyalar
Kandinski bir çox tabloların yaradıcısı, rəssamlıq barədə bir neçə kitabın müəllifi və tədqiqatçı-etnoqrafdır. Bir zamanlar Mikelancelo heykəltəraşlığa münasibəti dəyişdiyi kimi, Kandinski də rəngkarlıq barədə təsəvvürləri alt-üst etdi. Kandinski abstrakt sənətə impressionizmdən keçərək gəlmiş, onun ilk əsərləri bu üslubda çəkilmişdir. 1910-cu ildən başlayaraq Kandinski, əsasən, sırf abstrakt tablolar çəkirdi. Kandinskinin sözlərinə görə, onun bütün abstrakt əsərləri üç qrupa bölünür: impressiya, improvizə və kompozisiyalar.
Əgər impressiya xarici aləmin təəssüratı kimi yaranırsa, improvizə isə, əksinə, şüurdan asılı olmayaraq daxili təəssüratı ifadə edir. Nəhayət, kompozisiya - abstrakt rəngkarlığın ali və ən ardıcıl formasıdır. Burada gerçəkliklə birbaşa heç bir əlaqə yoxdur, onların yaradılmasında şüur iştirak edir. Vasili Kandinski üçün kompozisiya bir anlayış olaraq istənilən yaradıcı fəaliyyətin təməlidir. Rəng parçaları və xətlər hərəkət qüvvəsinin cəlbedici ruhunu yaradır.