Orta əsrlərdən başlayaraq müasir dövrümüzədək təsviri sənətin müxtəlif janrlarında üslub və texnikalar necə dəyişmişdir?
Tanış olun
İnsanlar hələ qədim zamanlardan ətraf aləmin gözəlliyini və möhtəşəmliyini təsvir etməyə cəhd göstəriblər. incəsənətdə hər bir cərəyan bu və ya digər dövrlərdə yaşayan insanların dünyanın dərk edilməsi ilə bağlı müəyyən məqsədlərə çatmasına səy göstərir.
Lakin rəngkarlıqda və heykəltəraşlıqda elə üslublar var ki, onlar konkret obrazı deyil, təsvir edilənləri formasız çatdırmağa səy göstərir. Belə incəsənətin məqsədi - təxəyyülü inkişaf etdirməkdir. Bu yaradıcılıq nümunələrini izləyən hər kəs özü üçün orada başa düşüləni tapır.
1910-1913-cü illərdə eyni vaxtda Avropanın bir neçə ölkəsində mücərrəd, formasız incəsənət - abstraksionizm1 yarandı. O həmin dövrədək təsviri sənətdə tətbiq olunan görünməmiş sınaq və təcrübələr nəticəsində meydana gəldi. Bir sıra rəssamlar ilham almaq üçün gerçək həyatda heç bir səbəb tapa bilmirdi, real əşyalar onları daha maraqlandırmırdı. Hər hansı bir modelin bütün incəliklərini rəssamdan daha yaxşı çatdırmağa qabil olan foto sənətinin coşqun inkişafının bu meyildə rolu az olmadı. Beləliklə, fırça ustaları fotoşəklin məharətlə öhdəsindən gəldiyi bir sıra vəzifələrdən azad oldular.
1Abstraksionizm (abstrakt incəsənət), mücərrəd incəsənət (lat. abstractio) — XX əsr təsviri sənətində formalist (rəsmiyyətçi) cərəyan. Rəssamlar təsviri sənətin növlərində reallığın təsviri əlamətlərindən imtina etmişlər. Bədii yaradıcılıqdan tamamilə uzaqlaşan rəssam əsərlərinin kompozisiyası müxtəlif səthlərdən, rəngli hissələrdən, xətlərdən ibarət idi.