Pikassonun əsərləri böyük ictimai əhəmiyyət daşıyırdı. 1937-ci ilin aprelində alman aviasiyası tərəfindən İspaniyanın şimalındakı dinc Gernika şəhəri dağıdılmış, neçə min insan zərər çəkmiş, təxminən iki min nəfər həlak olmuşdu.
“Gernika". 1937. Ölçüsü: 4x8 m. Kraliça Sofiya Muzeyi. Madrid, İspaniya
Rəssamın bu vəhşiliyi əks etdirən “Gernika”sı XX yüzilliyin ən güclü bədii-siyasi əsəri hesab olunur. İstər Pikassodan əvvəl, istərsə də ondan sonra heç kim müharibə əleyhinə bu qədər qüdrətli bədii fikir bildirməmişdir.
MÜHARİBƏDƏN
SONRAKI DÖVR
(1945-1954)
Həyatsevərlik dolu bu rəsmin çəkildiyi il II Dünya müharibəsinin başa çatdığı zamana təsadüf edir. Parisin uzunmüddətli işğalından sonra Pikasso yenidən coşqun yaradıcılıq dövrü yaşayır.
1949-cu ildə Parisdə Sülh tərəfdarlarının Dünya Konqresinin plakatında Pikassonun çəkdiyi məşhur “Sülh göyərçini” təsvir olunur. Bu göyərçin bütün Yer kürəsini “dövrə vurmuş” və bəşəriyyət üçün sülh rəmzinə çevrilmişdir.