Təmiz rəng | - rəng dairəsindəki bütün əsas rənglər və onların çalarları. |
Kubizm | - (fr. cubisme, cube - kub) - XX əsrin əvvəllərində ilk nəhəng formalist cərəyan. Klassik incəsənətin böhran keçirməsi kübizmin yaranmasını şərtləndirmişdi. Rəssamlar naturanın əsasında sadə həndəsi formaların durduğu fikrini əsas götürürdülər. |
Monoxrom | - (yun. - birrəngli) - bir rənglə işlənilmiş; bir rəng daşıyan. |
Kollaj | - (fr. collage) - təsviri sənətdə üsul və texnika. Rəng və fakturaya görə fərqlənən hər hansı bir səth üzərinə yapışdırılmış müxtəlif materiallar. |
Sürrealizm | - (fr. surrealisme - realizmdən üstün) - XX əsrin birinci yarısında dünya incəsənətindəki bədii istiqamət. Sürrealizm qəribəliyi, ağıla ziddiliyi, ümumi qəbul olunmuş standartlara uğunsuzluğu ilə xarakterizə olunur. Hərəkatın özü müxtəlif olsa da, ümumi məqsəd - şüuraltı yaradıcı qüvvənin azadlığı və ağıl üzərində üstünlüyündən ibarət idi. |
Abstraksionizm (abstrakt incəsənət), mücərrəd incəsənət | - (lat. abstractio) — XX əsr təsviri sənətində formalist (rəsmiyyətçi) cərəyan. Rəssamlar təsviri sənətin növlərində reallığın təsviri əlamətlərindən imtina etmişlər. Bədii yaradıcılıqdan tamamilə uzaqlaşan rəssam əsərlərinin kompozisiyası müxtəlif səthlərdən, rəngli hissələrdən, xətlərdən ibarət idi. |
Modernizm | - (ital. modernismo - müasir cərəyan) - XIX əsrin ikinci yarısı - XX yüzilliyin ortalarında incəsənətdə mövcud olan bədii cərəyanların məcmusu. İmpressionizm, postimpressionizm, kubizm, abstrakt incəsənət daha mühüm modernist meyillər idi. Modernizm - klassik ənənələrə yenidən baxışın başlanğıcı hesab olunur. |
Avanqard (avanqardizm) | - (fr. avantgarde - irəli, mühafizə) - XIX-XX əsrlərdə dünyada, ən əsası - Avropa incəsənətində yaranmış cərəyanların ümumiləşdirilmiş adı. “Avanqard” anlayışı fransız mənşəlidir, tərcümədə “irəli” və “mühafizə” mənasını verən iki sözdən ibarətdir. |
Ekspressionizm | - (fr. expressionnisme - ifadə) - XX əsrin əvvəllərində Avropa incəsənətində bədii cərəyan. I Dünya müharibəsinin dəhşətlərindən mənəvi sarsıntı keçirən rəssamlar əsərlərində bilərəkdən öz hislərini ifadə edirdilər. Müharibəyə etirazın ifadəsi kimi meydana gəlmiş, I Dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə geniş yayılmışdı. Əsərlərin əsas motivləri və obrazları - şəhər mənzərəsinin fonunda dağıntılar, ölüm, xəstəlik, faciə, dəhşət, dərin kədər idi. |
Konstruktivizm | - (fr. constructivisme, lat. constructio - tikili) - XX əsrin 20-30-cu illərində inkişaf etmiş, bədii obrazın əsasını kompozisiyanın deyil, konstruksiyanın təşkil etdiyi avanqard üslub (metod, istiqamət). Formaların ciddiliyi, həndəsiliyi, lakonikliyi və zahiri görünüşün əzəmətliliyi ilə səciyyələnir. |
Kinetik sənət, yaxud kinetizm |
- (yun. kinetikos - hərəkətə gətirən) - müasir incəsənətdə formanın hərəkəti ideyasına əsaslanan, hərəkət edən obyektlərin geniş tətbiqi ilə əlaqəli cərəyan. Kinetizm işıq və hərəkətin köməyi ilə sənət əsəri yaratmağın mümkünlüyü barədə təsəvvürə əsaslanır. |
Nonkonformizm | - (ing. nonconformism (non - yox + conformis - oxşar) - qeyri-oxşar) - hamı tərəfindən qəbul edilmiş qaydaların, dəyərlərin, ənənələrin və qanunların inkar edilməsi. “Neqativizm” anlayışının sinonimi. |