Dərsliyin səhifələrində təsviri sənətdəki yeni baxış və yeni anlayışlarla tanış oldunuz. Siz bu tükənməz aləmi dərk etməyə doğru ilk addımlar atdınız. Bu addımlar - sizin bu sənətləri gələcəkdə də dərk etməyinizin təməlidir.
Bütün təsviri sənət tarixində XIX əsrin sonu - XX əsrin əvvəlləri incəsənəti qavramaq üçün ən mürəkkəb dövrlərdən biri hesab olunur. Heç bir əsr bu qədər faciəvi sosial sarsıntı, belə dəhşətli dünya müharibələri, bu qədər heyrətləndirici elmi-texniki tərəqqi, belə geniş milli-azadlıq hərəkatı görməmişdir. Bütün baş verənlər incəsənətdə dərin və ciddi dəyişikliklərə səbəb oldu, onun yeni və orijinal inkişaf yollarını müəyyənləşdirdi.
Həmin vaxtın bədii situasiyasının unikal olması ondan ibarət idi ki, özündən əvvəlki dövrlərdən fərqli olaraq realizmlə, demək olar ki, eyni vaxtda bəzən onunla zidd olan yeni üslub, cərəyan və istiqamətlər meydana çıxır və formalaşırdı. XX əsrin incəsənəti bir tərəfdən köhnə bədii ənənələrdən imtina, keçmişin klassik irsini yenidən, yaradıcı şəkildə dərk etmək cəhdi kimi, digər tərəfdən isə heç bir çərçivə və şərtiliklə məhdudlaşdırılmayan cəsarətli yeniliklər, eksperimentlər kimi qavranılır.
XX əsrdə hər bir rəssam öz üslubunu, öz tərzini yaratmağa, öz dəstxətini təsdiqləməyə can atırdı. O, ilk dəfə öz zövqünə və şövqünə yönəlmək üçün real imkan əldə etmişdi. Heç vaxt rəssam öz yaradıcılığında bu qədər sərbəst və azad olmamışdı.
İncəsənətdə sintez ideyası XX əsrdə çox doğma göründü. O, yeni növlərlə zənginləşdi: fotoqrafiya, kinematoqraf, televiziya, video, kompüter qrafikası, dizayn - bu dövrün səciyyəvi əlamətlərinə çevrildi. Realist heykəltəraşlıq və rəngkarlığın əvəzinə kollaj, art- obyekt, instalyasiya gəldi. Rəssamlar əsrlərlə yalnız fırça və boyalarla işləmişdilər, XX əsrdə isə kompüter texnologiyalarından bəhrələnməyə başladılar. Bununla yanaşı, tarix göstərdi ki, təsvirin heç bir növü özündən əvvəlkini ləğv etmir, əksinə, yalnız rəssamın ifadə imkanlarını genişləndirir.
Gələcəkdə hansı sahəni seçəcəyinizdən asılı olmayaraq incəsənətin bədii ifadə xüsusiyyətlərini bilmək sizin hər birinizə gərəklidir. Bu biliklər tamaşa və film yaradıcılarının çatdırmaq istədiklərini daha yaxşı anlamaq üçün tamaşaçı olaraq sizə lazımdır. Bu biliklər öz video, foto və internet bildirişlərin müəllifi kimi sizlərə gərək olacaq. Mədəniyyət və incəsənət insan fəaliyyətinin bütün sahələrində yaradıcılığın təməlidir.
Təsviri sənətin məktəbdə tədrisi başa çatır, amma bu sizin sonsuz İNCƏSƏNƏT yolunda irəliləyişinizin yalnız başlanğıcıdır.
İncəsənət - sizin əbədi yol yoldaşınız və dostunuzdur!