Lakin canlı təsviri və canlı sözü özündə birləşdirən televiziya görüntüsü müqayisə olunmayacaq qədər böyük təəssürat doğurur və informasiya verir. Televiziyanın əsas vəzifəsi - ekranda dünyanın real mənzərəsini yaratmaqdır.
Azərbaycan televiziyası radiodan düz 30 il sonra - 1956-cı il fevralın 14-də fəaliyyətə başladı. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı.
1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı.
1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı.
Azərbaycan televiziyasının gündəlik veriliş və proqramları 2005-cı ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçdi.
Televiziyada rəssamın fəaliyyəti, əsasən, iki istiqamətdə inkişaf edir: ssenoqrafik dizayn - müxtəlif verilişlər (disput, tok-şou, konsert) üçün studiyanın tərtibatı və kompüter qrafikası (ekran dizaynı, kompüter başlıqları və s.). Televiziya verilişlərinin hazırlığında işıq, geyim, qrim və s. üzrə rəssamlar da iştirak edirlər.
Televiziya yayımı müxtəlif məqsədlərlə aparılır və fərqli auditoriyalara yönləndirilir. Bu gün televiziyanın məktəb televiziyası forması da mövcuddur. Yuxarı sinif şagirdləri yayım şəbəkəsini, telerubrikaları müəyyən edir, videodərslər, süjetlər, reportajlar (hadisə yerindən xəbərlər) çəkir və müzakirə edərək məktəb televiziyasının bütün süjetlərini ardıcıllıqla düzürlər.
Əgər kinematoqraf ekran seyrinə kollektiv baxış və bir-biri ilə şərik münasibət xarakteri vermişdisə, televiziya bizi ekranla təkbətək qoydu. O bizim həmsöhbətimizə, qonağımıza, bəzən isə az qala evimizin sahibinə çevrildi.