Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, rəngli qələmlər
Müəyyən edin
Komiks, karikatura və şarjın hansı ümumi və fərqli cəhətləri var?
Yaradıcı fəaliyyət
a) Öz gündəlik həyatınıza dair kiçik komiks tərtib edin.
Seçdiyiniz süjeti ardıcıllıqla açan mətn qurun. Onun personajları öz aralarında söhbət edirlər, söhbətin mətni də onların ağızlarından çıxan buludun içində yazılır. Oxunan mətn təsvirlə yaxşı uzlaşmalıdır. Nəzərə alın ki, yaxşı komiks yaratmaq üçün təkcə maraqlı əhvalat yox, həm də maraqlı qrafika üslubu seçmək lazımdır. b) “Müasir texnologiyalar uşaqların gözü ilə” mövzusunda karikatura çəkin. Öz qəhrəmanlarınız üçün xarakterik olan cəhətləri bilərəkdən qabartmağa və komikləşdirməyə çalışın.
Unutmayın ki, karikatura - insanın gülməli görünməsi üçün və hər hansı bir xarici əlamətləri bilərəkdən şişirdilmiş məzəli portretdir. Yaxşı karikatura insanın xarakterinin xüsusiyyətlərini də vurğulayır. İlk əvvəl karikaturasını çəkmək istədiyiniz personajı təsəvvürünüzə gətirin. Onun hansı cizgiləri sizə ən güclü təsir bağışlayır? Karikaturada da məhz bu cizgilər seçilməli və dərhal nəzərə çarpmalıdır.
c) Sevdiyiniz insanın şarjını çəkin. Onun ovqatını, daxili aləmini əks etdirməyə çalışın.
Təsvir edəcəyiniz sözü (yaxud öz adınızı) fikirləşin. Nümunələr üzrə istənilən üslubda və qraffiti texnikasında yazın. Şrift seçin, ya da onu özünüzdən uydurun.