Tarixən belə qəbul edilib ki, komiksin ən geniş yayılmış janrı karikaturadır3. Bu janr yumor hissindən, gülmək qabiliyyətindən doğulub. Məqamında məharətlə deyilən gülməli söz insanı öz davranışı haqqında düşünməyə, öz əməllərinə yeni tərzdə yanaşmağa vadar edir. Ağıllı zarafat çox zaman geniş, düzgün, amma darıxdırıcı nəsihətlərdən daha inandırıcı çıxır. Gülüş bir tərəfdən insanı əyləndirə, başını qata, həvəsləndirə, özünə inamını artıra bilir, digər tərəfdən isə ictimai həyatdakı mənfi təzahürlərlə mübarizə aparmağa kömək edir. Karikaturaçı rəssamlar öz yaradıcılıqlarında məhz istehzanın bu güclü tərəflərindən istifadə edirlər. Başqa sözlə desək, rəssamlar konkret tipajları müəyyən şəraitdə çəkməklə onları təbii, həqiqətəuyğun görkəmdə göstərmirlər, onların əsl, gerçək cizgilərini həm də komik keyfiyyətlərlə artırırlar.
Karikatura bəlkə də gündəlik hadisələrə dərhal, hadisə baş verən anda münasibət bildirməyə qabil olan yeganə janrdır. Karikaturada ən uyğunsuz görünənlər - gerçəklik fantastikayla, həqiqətəuyğunluq ağla- sığmazlıqla qarışa bilər.
Karikatura cəmiyyətin siyasi həyatının müxtəlif tərəflərinə, sosial problemlərə toxunur və yumoristik vəziyyəti əks etdirir.
Zəngin ənənələrə malik karikatura janrı Azərbaycan təsviri sənətinin mühüm sahələrindən biri kimi müxtəlif inkişaf yolu keçmişdir.
Azərbaycanda karikatura janrının yaranması 1906-cı ilin aprel ayında “Molla Nəsrəddin” adlı həftəlik satirik jurnalın nəşri ilə bağlıdır. Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının naşiri və baş redaktoru olub.
2Qraffiti (tək halda - graffito; ital. - graffito, cəm halda - graffiti) - XX əsrin son rübündə avanqardizm cərəyanı, divarda və digər səthlərdə boya və yaxud mürəkkəblə cızılmış, yazılmış və ya çəkilmiş təsvirlər, rəsmlər, ya da yazılar. Adicə sözlərin yazılışından ta zərif rəsmlərədək küçə divarlarının boyanmasının istənilən növünü qraffitiyə aid etmək olar. Bir incəsənət növü kimi qraffitinin də öz üslubu və cərəyanları var.
3Karikatura (ital. caricatura - yükləmək, şişirtmək) - bilərəkdən komik effektin yaradıldığı, adamları ifşa etmək, yaxud onlara gülmək məqsədilə vücudun, simanın, geyimin, davranış tərzinin xarakterik cəhətlərinin şişirdildiyi və qabardıldığı təsvirləri (çox zaman qrafikada, satirik formada) birləşdirən xüsusi təsviri sənət janrıdır.