Bu hadisə Lümyer qardaşlarının məşhur premyerasından bir neçə il əvvəl baş vermişdi, yəni animasiyalar fransızlara kinofilmlərdən bir qədər əvvəl məlum idi.
İlk animasiyalar əl ilə çəkilib rənglənmiş, on beş dəqiqəyədək davam edən pantomimlər2 idi. Reyno rəsmlərlə yanaşı, fotoşəkillərin də istifadə olunduğu filmlər yaradırdı. Sonralar müxtəlif janr və texnikalarda işləyən digər sənətkarlar da belə kino filmlərinin inkişafına öz töhfələrini verdilər. Zaman keçdikcə animasiya kinematoqrafın bir hissəsinə çevrilərək kino janrlarından biri kimi öz yerini tutdu. Animasiyaların hazırlanması üçün kinoçəkən aparatlardan istifadə edilirdi.
XX əsrin əvvəlində animasiya sürətlə inkişaf etdi. Təxminən eyni vaxtda bir neçə adam bir-birindən asılı olmadan animasiya filmlərinin yaradılması üzərində işləməyə başladı.
Feliks pişik - səssiz kino dövründə meydana çıxmış cizgi filmi qəhrəmanıdır. Qara bədəni, iri ağ gözləri, geniş təbəssümü və süjetə görə düşdüyü vəziyyətlər Feliksi animasiya tarixində ən tanınan personajlardan birinə çevirdi. Feliks pişik uşaqdan böyüyədək bütün tamaşaçıları cəlb etməyə qabil olan və məşhurluq qazanmış ilk animasiya personajıdır.
Animasiyanın inkişaf yolunda xeyli şərəfli ad tarixə məlumdur. İlk animasiya filmini amerikalı karikaturaçı və animator Uinzor Makkey 1906-cı ildə yaradıb. Amerikalı rejissor, rəssam və prodüser Uolt Disney animasiya aləmində əsl çevriliş yaratdı. O, ilk dəfə animasiyada səs və rəngdən istifadə etdi. Onun filmləri və qəhrəmanları, xüsusilə Mikki Maus nəinki ən müxtəlif yaşlı tamaşaçının qəlbini fəth etdi, həm də onun filmlərinin təsvir üslubu təqlid edilməyə başlandı. “Disney” studiyası öz fəaliyyətinə görə 12 “Oskar” mükafatına layiq görülüb.
2Pantomim - sözlərdən istifadə etmədən bədii obrazın yaradılmasında insan bədəninin hərəkətləri (plastikası) əsas vasitə sayılan səhnə incəsənəti.