ANİMASİYA SƏNƏTİ
Filmin yaradılmasında ssenarinin hansı rolu var?
Tanış olun
Kino hər zaman bizlər üçün maraqlı və əyləndirici həmsöhbət olmağa çalışıb. Uşaqdan böyüyədək bütün tamaşaçıların ən sevimli həmsöhbəti isə animasiyadır1.
Rəsmlərdə hərəkətin təsvirinə dair ilk cəhdlər Paleolit dövrünün mağara rəsmlərinə aid edilir. Mağara divar rəsmlərində heyvanları bir-birinə dolaşan çoxlu ayaqla təsvir edərdilər.
Fransız Emil Reyno ilk və əsl animator hesab edilir. O, hərəkətli rəsmlərin nümayişi üçün fırlanan barabandan, güzgü sistemi və fənərdən ibarət olan optik cihaz - praksinoskop aparatı icad etdi. 1892-ci ildə Reyno özünəməxsus attraksion - optik teatr yaradır. Burada o, tamaşaçılara 15-20 dəqiqə davam edən komik süjetlər nümayiş etdirir.
1Animasiya (fr. animation - canlandırma, diriltmə) - cizgi filminin Qərbdəki adı; kino sənəti növü və onun əsəri (cizgi filmi), həmçinin cansız, hərəkətsiz obyektlərin köməyi ilə hərəkət illüziyası yaratmaq imkanı verən müvafiq texnologiya. Animasiya və ya cizgi filminin yaradılması ilə məşğul olan rəssama animator deyilir.