Azərbaycanda əvvəlcə səssiz və ağ-qara, sonradan isə səsli və rəngli kino yaranmışdır. 1924-cü ildə ilk ikiseriyalı “Qız qalası əfsanəsi” bədii filmi ekranlara çıxmışdır. 1935-ci ildə “Mavi dənizin sahilində” bədii filmi ilə Azərbaycanda səsli kinonun istehsalına başlanılmışdır.
Azərbaycanda kino sənəti dünya kinosundan cəmi üç il sonra, 1898-ci ildə yaranıb.
Kino insanlara nə üçün və niyə lazımdır? Kino onların həyatında nəyi dəyişdi?
Kino XX əsrdə ən vacib incəsənət növünə çevrildi. Bu sahədə eyni zamanda yüksək sənət nümunələri və sadə süjetli filmlər mövcud idi. Seans zamanı tamaşaçı özünü filmin qəhrəmanı kimi hiss edirdi. Kino tamaşaçılara böyük təsəlli oldu: onları gündəlik qayğı və kədərdən uzaqlaşdıraraq ekrandakı xoşbəxtlik, zənginlik və sevgi dolu xəyal və arzular aləminə qaytardı.
Kino əsl həyat xülyasıdır, amma bəzən film yaşadığımız həyatı həqiqətdə gördüyümüzdən də dərin və gerçək olaraq göstərir. Belə kino elə həqiqi incəsənətdir. Həyat haqqında əsl həqiqəti əks etdirən bir çox filmlər çəkilib. Onlar insanın daxili aləmini göstərən məşhur sənətkarların həqiqətən də böyuk əsərləridir.