Əvvəlcə filmləri hər yerdə - musiqi salonlarında, klublarda və hətta mağazalarda göstərirdilər. 1908-ci ildə isə kino nümayişi üçün ilk teatrlar tikməyə başladılar.
Film ayrı-ayrı fraqmentlərlə - planlarla çəkilir. Planların ardıcıl birləşdirilməsi montaj adlanır. Planların ardıcıllıq qaydası bizim ekranda gördüklərimizə məna verir. Film yaradıcılarının görmək istədikləri və düşündükləri məhz seçimdə və montajda öz əksini tapır. Montaj - kinematoqrafın1 bədii-obrazlı təkrarsızlığının əsasıdır. Səsin yaranması kinoda “inqilab” yaratdı. Kinoda söz və musiqinin olması bugünkü filmlərin təsvirdən daha çox, süjetin inkişafı və aktyor oyununun xırdalıqları üzərində qurulmasına səbəb oldu.
Rəngin kino ekranlarına gəlişi kino tarixində mühüm addım idi, lakin rəng kino üçün səs qədər inqilabi hadisə olmadı. Çünki rəng - kino təsvirinin yalnız yeni, “rəngli” tərəfi idi. Rəngkarlıqda və filmdə rəngin bədii mahiyyəti fərqlidir. Rəngkarlıqda rəng - rəssamın icadı, obrazın yaradılmasında isə ən mühüm vasitədir. Kinoda isə rəng müəllifin istəyindən asılı olmayaraq ekrana çıxır. O, təbii gerçəkliyin oxşarı, surətidir.
1Kinematoqraf (yun. hərəkət, təsvir etmək) - insanın hərəkət edən təsvirlərin yaradılmasından ibarət fəaliyyət sahəsi. Bəzən həm də sinematoqraf və kinematoqrafiya da adlandırılır.