Beləliklə, müasir informasiya texnologiyaları fotorəssamdan fotoarxivlərin yaradılması və onlarla işləmək kimi yeni bacarıqların əldə olunmasını tələb edir.
Rəqəmsal fotonun meydana çıxması ilə onların sonradan emalına zərurət yaranır. Heç bir fotoqraf emaldan imtina etmir, çünki qrafik redaktor vasitəsilə fotoportretdə dəridə olan qüsurlar aradan götürülür və işıq effektləri əlavə edilir. Hazırkı proqramların qeyri-məhdud imkanlara malik olması portreti tanınmayacaq qədər dəyişməyə imkan verir. Portret-fotonun emalı çox zaman “Adobe Photoshop” proqramında və ya onun sadələşdirilmiş “Photoshop Lightroom” proqramında aparılır.
Proqramın köməyi ilə istənilən şəkli dəyişdirmək olar. Fototəsvirdə rəng, işıqlanma dəyişdirilə, təsvirin işıq-kölgə ziddiyyəti artırıla, fonu təzələnə, müxtəlif şəkillərə köçürülə, geyimi dəyişdirilə bilər və s. Bütün bunlar şəklin məzmununu tam dəyişməyə imkan verir.
Kompüter foto işinə yeni bədii yaradıcılıq cəhətləri bəxş edə bilər. Kollaj janrında iş buna nümunə ola bilər. Kollajda müxtəlif təsvirlərin - fotoşəkillərin, rəsmlərin, mətnlərin kompozisiya quruluşu və məzmun baxımından birləşməsi nəticəsində bədii obrazın yaranması baş verir.
İstənilən şəkildə olduğu kimi, kollajda da məna mərkəzi ayırd edilir və onun kompozisiya tarazlığı ikinci, üçüncü plan elementləri ilə əldə olunur.