Məhz bir nəfərə və ya bir qrup insana daha çox diqqət yetirildiyi foto portret fotoşəkli hesab edilir. Çox zaman arxa fon sadə və birrəngli edilir ki, tamaşaçının diqqəti portretdən yayınmasın. Belə bir şəkli fərəh hissi ilə çap edib fotoalbomda yerləşdirmək, yaxud çərçivəyə salmaq olar.
1984-cü ildə əfqan qaçqınları düşərgəsindəki portret fotoçəkilişi sayəsində fotojurnalist Stiv Mak-Karrinin fotolarından biri “National Geographic” jurnalının üz qabığında dərc edildi. Bu fotoşəkil dərhal əfqan xalqının müstəqillik uğrunda mübarizəsinin rəmzinə çevrildi. ABŞ Milli Coğrafiya Cəmiyyətinin fərziyyəsinə görə, o, 100 ən yaxşı fotodan biri hesab olunur. 2005-ci ildə “Afghan Girl” (“Əfqan qızı”) əks olunmuş üz qabığı “Son 40 ilin ən yaxşı jurnal üz qabığı” onluğuna daxil oldu. Bu fotonu bəzən Leonardo da Vinçinin fırçasından çıxmış Mona Lizanın portreti ilə müqayisə edir və “əfqan Mona Lizası” adlandırırlar.
Fotoqrafiyanı rəngkarlıqdan ayıran təsvir və obraz xüsusiyyətləri hansılardır?
Yaradıcı və peşəkar fotoqrafın əlində ötəri kadr şedevrə çevrilir. Alışdığımız adi həyatda istənilən anı qaçırmamaq üçün uşaq müşahidəçiliyini və tədqiqatçı marağını, psixoloq səbrini və filosofun xəyal düşüncəsini qovuşdurmaq lazımdır.
Yaxşı fotoşəkil fotoqrafın dərin hisləri ilə birgə, gerçəkliyin əlçatmaz və əvəzolunmaz məqamlarını əks etdirir. Belə kadr xeyli hiss, düşüncə və emosiya doğurur. Yaxşı fotoşəkil - açılmasına dəfələrlə cəhd göstərilən kitabdır.
Fotoqrafiya hələ intibah dövründə rəngkarlığın ən mühüm vəzifələrindən sayılan faktın təsvirini təsbit etməkdən xilas etdi. Demək olar ki, fotoqrafiya bununla rəngkarlığın inkişafına köməklik göstərdi, onun təkrarsız xüsusiyyətlərinin tam aşkarlanmasına təkan verdi.