SİNTETİK DÖVR
(1888-1899)
Bu dövrdə mənzərə və natürmort onu uydurma süjetlərdən daha çox cəlb edirdi. Sezannın natürmortları qəlizliyi, müxtəlifölçülü ləvazimat və meyvələrlə yüklənməsi ilə diqqət çəkir.
“Natürmort”.
Təxminən 1899-cu il. Ermitaj.
Sankt-Peterburq, Rusiya
SPONTAN -
ÖZ-ÖZÜNƏ ƏMƏLƏ GƏLƏN
RƏNGKARLIQ DÖVRÜ
(1900-cü illər)
Bu dövrdə rəssamın əsərlərinin kompozisiyası əvvəlcədən düşünülmür, bilavasitə iş prosesində öz-özünə peyda olur. Rəssamın cəsarətli sərt palitrasında lirik çalarlar görünməyə başlayır.
“Mavi mənzərə”. 1900.
Ermitaj, Sankt-Peterburq, Rusiya
Sezann öz dünyasını yenidən qurmağı arzulayırdı. Onu ətraf mühitin dinamikası, atmosferdə rəngin dəyişkənliyi, məkan planları maraqlandırmırdı. Əsərlərində dəqiq düz xətlərə az rast gəlinir. Sezannın boyaları üç rəngin - yaşıl, mavi, noxudu (oxra) və eləcə də bəyaz rənglərin çalarlarıdır.
Rəssamın natürmortlarında istifadə etdiyi əşyalar nə qeyri-adi, nə də təmtəraqlı idi. Zinət, bəzək əşyaları, zərif ipək onu cəlb etmirdi. O daha çox meyvə, tərəvəz, qab-qacaq çəkirdi. Pol Sezann natürmort janrında təxminən 200 əsər yaratmışdır.
Fransa təsviri sənətinin XIX əsrin əsas janrı olan mənzərədən tədricən imtina edərək natürmorta keçməsində, heç şübhəsiz, Sezannın böyük rolu olmuşdur.