25. «BƏNÖVŞƏ» UŞAQ XORU
Azərbaycanda uşaq xor kollektivləri XX əsrdən başlayaraq, XXI əsrin əvvəllərinə kimi uzun və şərəfli bir yol keçmişdir.
Uşaq xor kollektivləri respublikamızda XX əsrin 50-ci illərində formalaşmağa başlamışdır. Bəstəkarlarımızdan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Ağabacı Rzayeva, Qəmbər Hüseynli, Səid Rüstəmov, Tofiq Quliyev, Oqtay Zülfüqarov, Ramiz Mustafayev, Şəfiqə Axundova və digərləri bir-birindən gözəl uşaq mahnıları ilə uşaq xorlarının repertuarını daha da zənginləşdirdi. 1958-ci ildə Azərbaycan Televiziya və Radiosu tərkibində “Bənövşə” Uşaq Xoru yaradıldı. Kollektivə Əməkdar incəsənət xadimi, bəstəkar Əfsər Cavanşirov rəhbər təyin edildi. Bəstəkarlarımızın uşaqlar üçün yazdığı mahnılar “Bənövşə” Uşaq Xoru tərəfindən ifa edilir, maqnit lentinə yazılır və geniş tamaşaçı kütləsinə çatdırılırdı. Bəstəkar Əfsər Cavanşirov “Bənövşə” Uşaq Xorunun repertuarına Azərbaycan xalq və bəstəkar mahnıları ilə yanaşı, rus, Ukrayna, gürcü, eyni zamanda Avropa bəstəkarlarının uşaq mahnılarını da daxil edirdi. 1979-cu ildə Ukraynada “Bənövşə xor məcmuəsi” rus, Ukrayna və Azərbaycan dillərində çap olunur.