1. AZƏRBAYCAN XALQ
ÇALĞI ALƏTİ — TAR
Olduqca qədim musiqi mədəniyyəti olan Azərbaycan xalqının tar, kamança, qanun, tənbur, qopuz, saz, ud, qoşanağara, nağara, dümbək, balaban, zurna, qarazurna, tütək, ney, qaval kimi gözəl səs tembrinə malik çoxlu sayda çalğı aləti var.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük zəhməti və səyi nəticəsində muğamlarımız və aşıq musiqimiz kimi qədim çalğı alətlərimiz də dünyanın mədəniyyət təşkilatları tərəfindən tanınmış, onların Azərbaycan xalqına məxsus olduğu təsdiq edilmişdir.
Qədim çalğı alətlərinin adına klassik ədəbiyyatımızda rast gəlinir. Nizami Gəncəvinin “İskəndərnamə” poemasında tar musiqi aləti belə xatırlanır:
Müğənni, tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum,
Köçüm bu daşlıqdan, asudə olum...
Tar sözü “tarım” — bərk dartılıb çəkilmiş sözündən yaranıb. Amma bəzən tar sözü “tel”, “sap” kimi də izah edilir.