24. «DAN ULDUZU»
KAMERA-İNSTRUMENTAL ANSAMBLI
“Dan ulduzu” Kamera-İnstrumental Ansamblı 1966-cı ildə görkəmli pianoçu, Əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin tərkibində yaradılmışdır.
Gülarə Əliyeva bu ansamblın həm bədii rəhbəri həm də fortepiano partiyalarının gözəl ifaçısı idi. “Dan ulduzu” ansamblının mahnı repertuarının əsasını professional Azərbaycan bəstəkarlarının əsərləri təşkil edirdi. Bu ansamblda Azərbaycan xalq çalğı alətləri ilə bərabər (tar, ud), Avropa musiqi alətlərinin (fortepiano, qoboy, fleyta, skripka, violonçel və s.) olması onun səslənməsini daha maraqlı edirdi. Tezliklə sevilən bu ansambl bir sıra Avropa və Şərq ölkələrində də qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ etməyə başlayır. Akif İslamzadə, Flora Kərimova, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Məmmədbağır Bağırzadə və başqa görkəmli ifaçılar ansamblın solistləri olmuşlar. 1975-ci ildən Azərbaycan Xalq artisti Zeynəb Xanlarova bu ansambl ilə silsilə konsertlər vermişdir.
Gülarə Əliyeva özü də “Dan ulduzu” Kamera-İnstrumental Ansamblı üçün “Şüştər” rapsodiyası, “Hümayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarını yazmışdır.
1991-ci ildə Gülarə Əliyeva dünyasını dəyişdi. Onun yaratdığı “Dan ulduzu” Kamera-İnstrumental Ansamblı bu günədək fəaliyyət göstərir və sevilir.