1935-ci ildə Səid Rüstəmov orkestrə rəhbər təyin edilir. 1937-ci ildə artıq orkestrin tərkibi 40 nəfərə çatır.
1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan İncəsənəti Ongünlüyündə Xalq Çalğı Alətləri Orkestrinin ifası dinləyicilər tərəfindən böyük maraqla qarşılanır və həmin il aprelin 9-da orkestr Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında müşayiətçi kimi iştirak edir.
Sonradan bəstəkarlardan Müslüm Maqomayev, Səid Rüstəmov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Arif Məlikov, Əşrəf Abbasov, Cahangir Cahangirov, Hacı Xanməmmədov və digərləri bu kollektiv üçün müxtəlif janrlı əsərlər yazırlar.
Qeyd etmək lazımdır ki, Xalq artistlərindən Bülbül, Firəngiz Əhmədova, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Mobil Əhmədov, Sara Qədimova, Gülağa Məmmədov, Elmira Rəhimova, İlhamə Quliyeva, Yalçın Rzazadə, Flora Kərimova bu orkestrin solistləri olmuşlar.
Bu gün Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin heyəti 65 nəfərdir. Bədii rəhbəri və baş dirijoru Əməkdar artist Faiq Sadıqovdur.
Musiqi dinləyək
Üzeyir Hacıbəyli. «Xalq Çalğı Alətləri Orkestri üçün I fantaziya»
Fantaziya” yunan sözü olub “təsəvvür”, “xəyal” deməkdir. Musiqidə ənənəvi çərçivə üslubundan kənara çıxan orijinal formalı əsərlər fantaziya adlanır.
1932-ci ildə bəstəkar Üzeyir Hacıbəyli “Çahargah” və “Şur” fantaziyalarını yazır. Fantaziyalarda bəstəkar fortepianoya solo alət kimi xüsusi yer ayırır. Adlarından məlum olduğu kimi, bəstəkar bu əsərlərində “Çahargah” və “Şur” muğamlarının intonasiyalarından, ritmik xüsusiyyətlərindən, lad kökündən geniş istifadə edib.
Notla oxuyaq
Üzeyir Hacıbəyli. «Çahargah» fantaziyasından bir parça