22. ƏMƏKDAR KOLLEKTİV, SƏİD RÜSTƏMOV ADINA
AZƏRBAYCAN DÖVLƏT XALQ ÇALĞI ALƏTLƏRİ ORKESTRİ
1931-ci ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyasında xalq çalğı alətlərində ifa edən 12 tanınmış ifaçını bir yerə yığır. Məqsədi notla çalan orkestr yaratmaq olur. Lakin o dövrdə hələ milli alətlərimizdə notla çalan musiqiçilər çox az olduğundan bu arzusunu reallaşdıra bilmir. Nəhayət, 1932-ci il may ayının 1-də Üzeyir Hacıbəyli öz ideyasını həyata keçirir və Radio Verilişləri Komitəsinin tərkibində Xalq Çalğı Alətləri Orkestrini yaradır. Orkestr 22 nəfər musiqiçi ilə fəaliyyətə başlayır. Orkestrin bədii rəhbəri və dirijoru bəstəkarın özü, bəstəkar Səid Rüstəmov isə onun köməkçisi və konsertmeystri təyin edilir. Bu orkestr üçün repertuar yaratmaq məqsədilə Üzeyir Hacıbəyli 1932-ci ilin sonlarında I və II fantaziyalarını yazır. Artıq 1933-cü ildə orkestrin tərkibi 30 nəfərə qədər artır və bəstəkarlarımız onun repertuarını yeni-yeni əsərlərlə zənginləşdirirlər.