21. AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MUSİQİLİ TEATRI
Keçən əsrin əvvəllərində Azərbaycanda dahi Üzeyir Hacıbəyli tərəfindən yeni musiqi janrı — milli musiqili komediya yaranır. Bəstəkarın 1909-cu ildə yazdığı “Ər və arvad” musiqili komediyasının ilk tamaşası 1910-cu il mayın 24-də Bakıda Nikitin qardaşlarının sirk binasında baş tutur. Bu tamaşa ilə Azərbaycanda Musiqili Komediya Teatrının əsası qoyulur.
1911-ci ildə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, 1913-cü ildə “Arşın mal alan” musiqili komediyaları da məhz bu teatrda öz səhnə təcəssümünü tapır. Üzeyir Hacıbəylidən sonra Zülfüqar Hacıbəyovun “Əlli yaşında cavan”, “Evliykən subay”, Mirmahmud Kazımovskinin “Molla Cəbi”, “Vurhavur” musiqili komediyaları da tamaşaya qoyulur.
Böyük Vətən müharibəsi illərində teatrın işi yenidən qurulur və bu teatra Azərbaycan Dövlət Təbliğat Teatrı adı verilir.
Lakin 1942-ci il avqustun 29-da Təbliğat Teatrı yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı adlandırılır və görkəmli rejissor Şəmsi Bədəlbəyli bu teatra direktor və bədii rəhbər təyin edilir. 1943-cü ilin avqust ayında teatra “Molla Nəsrəddin” jurnalının banisi dramaturq, publisist Cəlil Məmmədquluzadənin adı verilir.
1938-ci ilə qədər musiqili komediya tamaşaları Azərbaycan Dövlət Opera və Balet Teatrının binasında oynanılırdı. 1938-ci ildə Musiqili Komediya Teatrı rəsmi olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrı statusu alır. 1939-cu ildən Azərbaycan bölməsində Səid Rüstəmovun “Beş manatlıq gəlin”, Ağası Məşədibəyovun “Toy kimindir”, Soltan Hacıbəyovun “Qızılgül” və rus bölməsində isə Frans Leqarın “Mavi mazurka”, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, İmre Kalmanın “Sirk şahzadəsi”, Boris Aleksandrovun “Malinovkada toy” və digər tamaşalar qoyulur. 1944-cü ildə Fikrət Əmirovun “Ürəkçalanlar”, 1946-cı ildə “Gözün aydın”, 1947-ci ildə Səid Rüstəmovun “Durna”, 1948-ci ildə Süleyman Ələsgərovun “Ulduz” operettaları ilə teatrın repertuarı zənginləşir.