20. QARA QARAYEV ADINA AZƏRBAYCAN
DÖVLƏT KAMERA ORKESTRİ
Azərbaycan Dövlət Filarmoniyasının tərkibində olan musiqi kollektivlərindən biri də Dövlət Kamera Orkestridir. Bu musiqi kollektivi məşhur Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə 1964-cü ildə yaradılıb. 1964-cü ildən 1992-ci ilə qədər orkestrin bədii rəhbəri Dövlət mükafatı laureatı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Azərbaycan Respublikasının Xalq artisti Nazim Rzayev, 1995-ci ildən 1997-ci ilədək Əməkdar incəsənət xadimi Yaşar İmanov, 1998-ci ildən 2018-ci ilə kimi Xalq artisti Teymur Göyçayev olmuşdur. 2018-ci ildən kollektivə Xalq artisti Fəxrəddin Kərimov rəhbərlik edir.
Kollektivin repertuarında 200-dən çox Qərbi Avropa, rus və Azərbaycan bəstəkarının əsəri öz əksini tapmışdır. Yüksək peşəkarlıq xüsusiyyətlərinə malik olan Azərbaycan Dövlət Kamera Orkestrinin musiqiçiləri müxtəlif janrlı musiqi nümunələrindən ibarət zəngin repertuarları ilə xalqın zövqünün düzgün formalaşmasında böyük rol oynamışlar. Orkestr təkcə Azərbaycanda deyil, eyni zamanda Rusiyanın Moskva, Sankt-Peterburq və digər şəhərlərində, həm də Qərbi Avropa ölkələrində qastrol səfərlərində müvəffəqiyyətlə çıxış etmişdir.