Əziz məktəblilər!
Bütün xalqların özünəməxsus musiqi mədəniyyəti var. Azərbaycan xalqı da əsrlər boyu öz möhtəşəm musiqi sənətini qoruyub, cilalayıb, inkişaf etdirib, dəyərli bir xəzinə kimi nəsildən-nəslə ötürüb. Azərbaycanın ən qədim insan məskəni olan Qobustanda — Cingirdağın ətəklərində on-on iki min il əvvəl ulu əcdadlarımızın ilk musiqi aləti kimi istifadə etdiyi “Qaval daşı”nın səsi zamanın yaddaşına hopub. İnsan bütün dövrlərdə musiqini ilahi möcüzə, daxili aləmini zənginləşdirən, əhvali-ruhiyyəsini gözəlləşdirən dəyər hesab edib.
IX sinif “Musiqi” dərsliyi də məhz bu ənənəni davam etdirir. Siz bu dərslikdən “Qədim çalğı alətləri hər bir xalqın mənəvi dəyəridir”, “Azərbaycan musiqi məbədləri və musiqi mədəniyyəti”, “Azərbaycan musiqi mədəniyyəti və musiqi kollektivləri” haqqında məlumat alacaq, xalqımızın mənəvi sərvəti hesab edilən musiqi alətləri ilə tanış olacaq, bu alətlərin mahir ifaçıları haqqında müfəssəl bilgi əldə edəcək, kiçikhəcmli musiqi əsərlərinin birbaşa ifaçısı ola biləcəksiniz. Hansı sənətin və peşənin sahibi olursunuzsa olun, musiqi hər zaman sizinlədir. O sizə gözəl dost, yaxşı yol yoldaşı, əvəzedilməz müəllim ola biləcək qədər böyük hisslər daşıyıcısıdır!
Sizə uğurlar!