18. ÜZEYİR HACIBƏYLİ ADINA AZƏRBAYCAN
DÖVLƏT SİMFONİK ORKESTRİ
1936-cı ildə yaranan Azərbaycan Dövlət Filarmoniyasında 1938-ci ildə sərbəst bir yaradıcı kollektiv — Simfonik Orkestr fəaliyyətə başlayır. Uzun illər ərzində bu kollektivin bədii rəhbəri və baş dirijoru maestro Niyazi olmuşdur. Çingiz Hacıbəyov, Əfrasiyab Bədəlbəyli də bu kollektivə dirijorluq etmişlər. 1984-cü ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti, Dövlət mükafatı laureatı və “Şöhrət” ordenli Rauf Abdullayev olmuşdur. Məhz belə bir Simfonik Orkestrin yaranması ilə o dövrdə fəaliyyət göstərən gənc bəstəkarlar qarşısında yeni simfonik əsərlərin yazılması tələbi qoyuldu. Müxtəlif filmlərə yazılmış musiqi əsərləri Simfonik Orkestrin ifasında səsləndirildi. Maqnit lentinə yazdırıldı. Məhz bu orkestr Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasının, “Yeddi gözəl” baletindən süitanın, Fikrət Əmirovun “Şur” və “Kürd-ovşarı” simfonik muğamlarının, Soltan Hacıbəyovun “Karvan” simfonik şəklinin, Cövdət Hacıyevin “Sülh uğrunda” simfonik poemasının, Niyazinin “Rast” simfonik muğamının və digər Azərbaycan simfonik musiqisinin ilk ifaçısı olmuşdur.
Musiqi dinləyək
Fikrət Əmirov. «Kürd-ovşarı» simfonik muğamından bir parça