17. MÜSLÜM MAQOMAYEV ADINA AZƏRBAYCAN
DÖVLƏT AKADEMİK FİLARMONİYASI
Xalq və professional musiqimizin inkişafında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının əvəzolunmaz xidmətləri var.
Dövlət Filarmoniyası 25 may 1936-cı ildə yaradılıb. Filarmoniyanın binası 1910-1912-ci illərdə «İctimai iclasların yay evi» adı ilə tikilib. Qeyd etmək lazımdır ki, bu binada konsert və əyləncə tədbirləri tez-tez keçirilirdi. Bina bu məqsədlə 1936-cı ilədək istifadə edilmişdir.
1937-ci ilin avqust ayının 11-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə bu binada yerləşən Azərbaycan Dövlət Filarmoniyasına görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin adı verilib.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında yeddi müxtəlif tərkibli musiqi kollektivi fəaliyyət göstərir. Bunlardan Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrini xüsusilə qeyd etmək lazımdır. Belə ki, Azərbaycanda yaranan ilk simfonik orkestr məhz bu musiqi kollektividir.
Respublikamızın aparıcı musiqi kollektivlərindən biri də Azərbaycan Dövlət Xor Kapellasıdır. Bu kollektiv 1966-cı ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasının tərkibində yaradılmışdır.