4. AZƏRBAYCAN DÖVLƏT AKADEMİK
OPERA VƏ BALET TEATRI
1920-ci ildə Azərbaycanda Birləşmiş Dövlət Teatrı adlı mədəniyyət ocağı yaradılıb. Artıq 1924-cü ildən opera truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq müstəqil fəaliyyət göstərməyə başlayıb. 1928-ci ildən teatra Mirzə Fətəli Axundovun adı verilir və 1959-cu ildən bu teatr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı adlanır. Akademik Opera və Balet Teatrının binasının inşa etdirilməsinin çox maraqlı tarixi var. Belə ki, 1910-cu ilin sonlarında Rusiyadan Bakıya çox məşhur opera müğənnisi qastrol səfərinə gəlir. Neft milyonçuları Mayılov qardaşlarından biri qonaqdan Bakıya bir də nə vaxt gələcəyini soruşduqda, o: “Heç vaxt”, — deyə cavab verir.—Belə böyük şəhərdə oxumağa opera teatrı yoxdursa, gəlməyimin nə mənası var?”
Milyonçu Mayılova bu cavab çox pis təsir edir və o, qonağa söz verir ki, bir il ərzində opera teatrı üçün bina tikdirəcək. Bu fikri dəstəkləyən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev belə bir binanı bir ilə inşa etdirməyin qeyri-mümkün olduğunu iddia edir və əgər bu teatr binası deyilən müddətdə tikilib sona çatarsa, onun bütün xərclərini öz üzərinə götürəcəyini bildirir.
İki milyonçu mərc gəlirlər və nəticədə teatrın binası bir ilə deyil, on aya hazır olur.
Beləliklə, artıq 1920-ci ildən bu günə kimi Opera və Balet Teatrı bu möhtəşəm binada fəaliyyət göstərir.
Azərbaycanın opera sənətinin tarixi 1908-ci il yanvarın 25-dən, yəni Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşaya qoyulduğu gündən başlayır.