13. AZƏRBAYCAN XALQ ZƏRB ÇALĞI ALƏTLƏRİ —
DƏF, QAVAL VƏ DÜMBƏK
Zərb çalğı alətlərinin tarixi ibtidai yaşayış dövrlərinə gedib çıxır. Azərbaycanın qədim insan məskəni olan Qobustanda, Cingirdağın ətəklərində «Qaval daşı» adlanan böyük bir qaya parçası da var. Bu qayanı döyəclədikdə qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya daşı qədim əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunmuş və bu günə «Qaval daşı» adı ilə gəlib çıxmışdır.
Azərbaycan və eyni zamanda Mərkəzi Asiya xalqları, xüsusilə türkmən, özbək, uyğur və qaraqalpak xalqlarının milli musiqi mədəniyyətində dap, deprek kimi tanınan dəf musiqi alətinin yaranması çox qədimlərə gedib çıxır.
Bəzi mənbələrdə “dəf” (daf, taf) kəlməsinin qədim şumer dilindəki “dup” (lövhə) sözündən götürüldüyü göstərilir. Azərbaycanda qədim zamanlardan bu günə kimi xanəndələr ifa zamanı həm də dəflə ritm tuturlar.