12. AZƏRBAYCAN XALQ ZƏRB
ÇALĞI ALƏTİ — NAĞARA
Qədim eposumuz “Kitabi-Dədə Qorqud”da adı çəkilən nağara ordunu savaş meydanında müşayiət edən zərb aləti hesab edilir.
“Kitabi-Dədə Qorqud”da belə deyilir: “Gumbur-gumbur nağaralar döyüldü, bir qiyamət savaş oldu, meydan dolu baş oldu”. Dahi Nizami Gəncəvi nağara sədalarının qələbəyə səsləməsini belə göstərir:
Çataraq inləyir neyin nəfəsi,
Nağara əl çalır, yüksəlir səsi.
Çox qədim zamanlardan mövcud olan qoltuq nağara, cürə (balaca) nağara və qoşanağara kimi zərb musiqi alətləri təkmilləşərək bu günə qədər gəlib çıxmış, Xalq Çalğı Alətləri Ansamblının və Orkestrinin tərkibinə daxil edilmişdir. Digər tərəfdən bu çalğı aləti el şənliklərində, toy məclislərində nəfəs alətlərini və sazı müşayiət edir. Balabanı və sazı müşayiət edərkən nağara ovucun içi və barmaqlarla, zurnanı müşayiət zamanı isə ağac çubuqlarla çalınır. Çox qədim keçmişdə zərb musiqi alətinin üstünə qurd dərisindən üzlük çəkilərdi. Bu haqda dahi Nizami Gəncəvi belə yazırdı:
Coşdu qurd gönündən olan nağara,
Dünyanın beynini gətirdi zara.