11. AZƏRBAYCAN XALQ
ÇALĞI ALƏTİ — TÜTƏK
Tütək çalğı aləti bir çox nəfəs çalğı alətlərinin əcdadı olmuşdur. Hələ qədim zamanlardan bu çalğı aləti Şərq xalqları tərəfindən geniş istifadə olunurdu.
Tütəyin səs tembri mülayim və təravətlidir. Nizami Gəncəvinin “İskəndərnamə” əsərində belə bir əhvalat var. Çoban qamışlıqdan keçərkən bir qamış kəsib ondan tütək düzəldir. Onu çalıb kədərini dağıdır. Gəzintiyə çıxan İskəndər çobanın tütəkdə yanıqlı ifasını eşidir. Onu hüzuruna çağırıb tütəyin sirrini öyrənmək istəyir. Çoban tütəyi belə təsvir edir:
Bir quyudan göyərib çıxmış,
Şəkərdən şirindir, məncə, bu qamış.
Dəldim, yaraladım öz əlim ilə,
Hələ kəsilməmiş gəlməzdi dilə.
O cansız olsa da, sevirəm cantək,
Dilsizdir, mənimçün dildir bu tütək.