6. AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTİ — SAZ
Saz qədim Azərbaycanda geniş yayılmış, mizrabla çalınan simli alətdir. Türk dünyasının rəmzi, ulu ozan sənətinin ayrılmaz tərkib hissəsi olan saz aləti armudşəkilli gövdəyə malikdir. Azərbaycanda üç cür sazdan istifadə olunur: cürə saz (4—6 simli, ən kiçik saz), qoltuq saz (6—7 simli, orta saz) və tavar saz və yaxud ana saz (8—9 simli, ən iri saz).
Xalq Çalğı Alətləri Orkestrinin və Ansamblının tərkibinə, adətən, qoltuq saz daxil edilir. Sazın cingiltili səsi, şaqraq tembri var. Saz musiqi alətindən solo ifa məqsədilə və yaxud başqa alətlərlə vəhdətdə istifadə olunur.
Çox qədim tarixə malik olan saz Səfəvilər dövlətinin banisi və ilk şahı, klassik Azərbaycan şairi Şah İsmayıl Xətainin qoşmalarından birində belə tərənnüm edilib:
Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək çıxar mənim avazım.
Dörd iş vardır hər qarındaşa lazım:
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.
Saz — “köklənmiş”, “ahəngdar”, “mükəmməl” deməkdir.
Azərbaycanda saz alətində, əsasən, el aşıqları çalırlar.