5. AZƏRBAYCAN XALQ ÇALĞI ALƏTİ —
QANUN (KANON)
Simli xalq çalğı aləti qanun — yastı sazlar ailəsinə mənsubdur.
Qanun Yaxın və Orta Şərqdə, həmçinin də Azərbaycanda geniş yayılıb.
Bir sıra qədim musiqi traktatlarında qanun musiqi alətinin böyük türk alimi Əbu Nəsr Məhəmməd əl-Fərabi (870—950) tərəfindən icad olunduğu söylənilir. “Kanon” yunan dilindən tərcümədə “qayda”, “qanun” deməkdir. Yaxın Şərqdə geniş yayılmış qanun Orta Asiyadan Anadoluya köç edən türklər vasitəsilə bütün Qafqaza yayılıb. Bu musiqi aləti Azərbaycanın klassik şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhsəti Gəncəvi poeziyasında da öz parlaq əksini tapıb.
Qanun alətini Məhəmməd Füzuli «Yeddi cam» əsərində belə təsvir edib:
Bir gün gecə məclisimiz vardı ki, ondan,
Çox-çox uzağa qalmış idi dərd, qəm, hicran.
Xam nəğmələrlə edərək aləmi məmnun,
Bir huri-mələk çalırdı iri bir qanun.
Keçmişdə qanun aləti, əsasən, saray xanımları tərəfindən ifa olunurdu.
Qanun aləti ilk dəfə Azərbaycan Respublikasının Xalq artisti, böyük bəstəkar, professor Səid Rüstəmov tərəfindən 1959-cu ildə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin tərkibinə daxil edilib.
Musiqi dinləyək
“Bayatı-Şiraz” muğamından bir parça. Qanun (kanon) musiqi alətinin ifasında