- Halqa topologiyası. Bu topologiyada hər bir kompüter başqa iki kompüterlə
elə birləşir ki, onların birindən informasiyanı alıb başqasına verə bilsin.
Sonuncu kompüter birinci kompüterə birləşdirilir və beləliklə də, halqa qapanır.
Bu topologiyanın da çatışmazlıqları üstünlüklərindən çoxdur. Məsələn, şəbəkədəki
nasazlıqların axtarışı mürəkkəbdir. Kompüterin birinin sıradan çıxması
ona birləşmiş kompüterlərin və nəhayət, bütün şəbəkənin işinə təsir göstərir.
Buna görə də bir zamanlar populyar olan halqavari şəbəkələrə indi çox az rast
gəlinir.
- Ulduz topologiyası. Hesablama texnikasının ilk çağlarından meydana çıxmış
və aktiv ulduz adını almış topologiyada şəbəkədə olan bütün istifadəçilər güclü
mərkəzi kompüterə qoşulurdu. Belə konfiqurasiyada bütün verilənlər seli yalnız
mərkəzi kompüterdən keçməklə ötürülürdü; şəbəkənin bütün hissələri arasındakı
informasiya mübadiləsinin idarə olunmasına da məhz mərkəzi kompüter
cavabdeh idi. Şəbəkənin bu cür təşkilində mərkəzi kompüterin üzərinə o qədər
yük düşürdü ki, adətən, bu kompüterin işi yalnız şəbəkəyə xidmət göstərməkdən
ibarət olurdu. Onun sıradan çıxması isə bütün şəbəkənin dayanmasına səbəb
olurdu, bununla belə, hər hansı çevrəsəl kompüterin sıradan çıxması və ya
onunla əlaqənin kəsilməsi qalan şəbəkənin işinə təsir göstərmirdi. Hazırda belə
şəbəkələrə çox az rast gəlinir.
İndi bunun bənzər variantı - ulduz-şin və ya passiv ulduz topologiyalı şəbəkələr
daha geniş yayılmışdır. Burada çevrəsəl kompüterlər mərkəzi kompüterə deyil,
passiv toparlayıcıya (haba) bağlanır.