Sözlük
• Lokal şəbəkə“Müştәri – qulluqçu”, yaxud “müştәri – server” şәbәkәsi (client-server network). Bu növ yerli şəbəkədə iş stansiyalarının və serverin imkanlarından maksimum istifadə etmək məqsədilə idarəetmə onlar arasında paylanır. Bu arxitekturada tətbiqi proqramın emalı müştəri və server kompüterləri arasında bölüşdürülür. Adətən, server olaraq daha güclü kompüterdən istifadə edilir. Server müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini – verilənlərin idarə edilməsi, informasiya ilə kollektiv işləmək, verilənlərin şəbəkə inzibatçılığı və onların qorunma imkanlarını verir.
“Tay-tuşlar” şәbәkәsi (peer to peer network). Bu növ arxitekturalı şəbəkədə bütün kompüterlər eyni dərəcəlidir. Burada heç bir kompüter server kimi ayrılmır. Şəbəkədə olan istifadəçilər kompüterlərində olan fayllardan hansılarını digər istifadəçilər ilə paylaşmalarını özləri müəyyənləşdirir. Bu növ şəbəkələri quraşdırmaq və idarə etmək çox asandır. Kiçik ofislər, adətən, “tay-tuşlar” şəbəkəsinə üstünlük verirlər.
Kompüter şəbəkəsini qurarkən topologiyanın, yəni şəbəkə qurğularının və kabel infrastrukturunun quraşdırılması sxeminin əhəmiyyəti çox böyükdür. Elə topologiya seçmək lazımdır ki, şəbəkə etibarlı və səmərəli işləsin, şəbəkədə verilənlər selini rahat idarə etmək mümkün olsun. Şəbəkələrin əksəriyyəti üç təməl topologiyaya əsaslanır:
1. | Şin topologiyası. Bu topologiyada bütün kompüterlər bir-biriylə bir kabellə birləşdirilir. Belə şəbəkəyə göndərilən verilənlər şəbəkədəki bütün kompüterlərə ötürülür. Hər bir kompüter məlumatın ona ünvanlanıb-ünvanlanmadığını yoxlayır. Əgər ona ünvanlanıbsa, onda kompüter məlumatı qəbul edərək emal edir. Şin topologiyasına xәtti topologiya da deyilir. Bu topologiya çox sadədir və ucuz başa gəlir (az kabel sərf olunur), ancaq onun bir sıra çatışmazlıqları var. Belə şəbəkənin hansısa hissəsinin sıradan çıxması bütün şəbəkənin işini dayandırır. Məhz həmin çatışmazlıqlar səbəbindən vaxtilə çox populyar olan şin topologiyalı şəbəkələrdən indi, demək olar ki, istifadə olunmur. |