Qeyd olunduğu kimi, hər bir funksiyanın adı olur. Hər hansı funksiyanın yerinə yetirilməsi üçün onun adına müraciət olunmalı, başqa sözlə, funksiya çağırılmalıdır. Funksiyanı proqramın istənilən yerindən çağırmaq olar.
Python dilində müxtəlif hallar üçün çoxlu sayda funksiyalar vardır. Məsələn, "Fəaliyyət" bölümündə verilmiş proqramda dörd funksiyadan istifadə olunub: abs(), int(), input() və print(). Bunlar Python dilinə daxil olan standart funksiyalardir. Hər bir proqramlaşdırma dilində çoxlu sayda standart funksiyalar olsa da, müəyyən məsələlərin həllində yeni funksiyalara ehtiyac olur. Təbii ki, Python dilində yeni funksiyalar yaratmaq imkanı da vardır.
Python dilində yeni funksiyanın təyini def açar sözü ilə başlayır və ondan sonra funksiyanın adı göstərilir. Addan sonra gələn açılan və bağlanan mötərizələr funksiyanı adi dəyişəndən fərqləndirir. İki nöqtə isə funksiyaya daxil olan komandaların başlanğıcını qeyd edir. Məsələn, greeting() adlı sadə bir funksiya təyin edək:
def greeting():
print('Xoş gəlmisiniz!')
Bu funksiyanı proqramın hər hansı yerindən çağırmaq üçün, standart funksiyalarda olduğu kimi, onun adını ayrıca operator kimi göstərmək lazımdır.
greeting()
Bu funksiyanın işinin nəticəsi həmişə eyni olur, çünki, riyazi dillə desək, bu funksiyanın arqumenti yoxdur. Proqramlaşdırmada belə funksiyalardan, demək olar ki, istifadə olunmur. Adətən, funksiya onu çağıran proqramdan verilənlər alır. Verilənlər funksiyaya parametrlәr şəklində ötürülür. Funksiya yaradılarkən onun parametrlərinə ötürülən qiymətlər hələ məlum olmur.
Funksiya çağırılarkən onun adından sonra mötərizədə ona ötürülən faktik parametrlәr göstərilir. Funksiyanın operatorlarının yerinə yetirilməsi zamanı formal parametrlər faktik qiymətlərlə əvəz olunur.
Bu deyilənləri bir nümunə üzərində izləyək. Bu nümunədə proqram daxil edilmiş hicri ilini miladiyə, miladi ilini isə hicriyə çevirəcək və nəticəni ekranda göstərəcək.