Mövcud siyahının hər hansı elementini çox asanca dəyişmək olur. Bunun üçün siyahının uyğun indeksli elementinə, sadəcə, yeni qiyməti mənimsətmək lazımdır. lst[i] = x yazılışı lst siyahısının i indeksli elementinin x qiyməti ilə əvəzlənməsini bildirir. Məsələn, lst[3] = '4-cü gün' komandasının icrasından sonra həftənin günləri ilə bağlı siyahının 4-cü (3 indeksli) elementi dəyişəcək.
>>> lst[3] = '4-cü gün'
>>> lst
['Bazar ertəsi', 'Çərşənbə axşamı', 'Çərşənbə', '4-cü gün',
'Cümə', 'Şənbə', 'Bazar']
Bəzən bütövlükdə siyahıdan deyil, onun hər hansı kәsiyindәn (alt siyahıdan) istifadə etmək lazım gəlir. Məsələn, əgər bizə lst siyahısının yalnız i indeksindən j indeksinədək elementləri lazımdırsa, onda bunu lst[i:j] kimi göstərmək olar. (Nəzərə alın ki, i indeksli element yekun siyahıya daxildir, j indeksli element isə daxil deyil.)
>>> lst[1:3]
['Çərşənbə axşamı', 'Çərşənbə']
Siz istər ALPLogo, istərsə də Python mühitində dövrlәrlә tanış olmusunuz. Proqramlaşdırmada, xüsusən, siyahılarla (bir çox dillərdə massivlərlə) iş zamanı dövrlərdən istifadə olunması çox əlverişli olur. Məsələn,
lst = ['Bazar ertəsi', 'Çərşənbə axşamı',
'Çərşənbə', 'Cümə axşamı', 'Cümə', 'Şənbə', 'Bazar']
for s in lst:
print(s)
proqram fraqmentinin icrasından sonra həftənin günləri aşağıdakı şəkildə çıxışa
veriləcək:
Bazar ertəsi
Çərşənbə axşamı
Çərşənbə
Cümə axşamı
Cümə
Şənbə
Bazar
Yalnız ədədlərdən ibarət olan siyahılar üçün xüsusi funksiyalar vardır. Məsələn, sum() funksiyası siyahının elementlərinin cəmini hesablayır:
>>> mas = [1, 2, 3, 4]
>>> sum(mas)
10