>>> a = 'AZƏRBAYCAN'
>>> a [4]
'B'
İki indeksdən istifadə etməklə sətrin bir hissəsini ayırmaq olar. Ona kəsik deyilir.
>>> a[0:4]
'AZƏR'
Diqqət edin ki, ikinci indeks olaraq 4 göstərilsə də, həmin mövqedəki simvol kəsilib ayrılmış sətirdə yoxdur. Başqa sözlə, ikinci indeksin mövqeyində olan simvol kəsiyə daxil edilmir. Bu indekslərdən hər hansı birini göstərməmək də olar. Əgər birinci indeks buraxılmışsa, Python avtomatik olaraq kəsiyə birinci simvoldan başlayır, ikinci indeks buraxılmışsa, sonadək bütün simvolları götürür.
>>> a[:5]
'AZƏRB'
>>>a[7:]
'CAN'
Sətirdə boşluq simvolları da daxil olmaqla bütün simvolların sayına sәtrin uzunluğu deyilir. Xüsusi len() funksiyasının köməyilə sətrin uzunluğunu bilmək olar.
>>> len(a)
10
Bildiyiniz kimi, proqram işləyərkən istifadə olunan bütün verilənlər kompüterin operativ yaddaşında saxlanır. Proqram başqa qaynaqlarda yerləşmiş verilənlərə xarici verilәnlәr kimi baxır. Verilənlərin xarici mənbələrdən alınması əməliyyatına giriş və ya daxiletmә, verilməsinə isə çıxış deyilir. Ədədi verilənlər kimi, sətir tipli kəmiyyətləri də klaviaturadan proqrama daxil etmək üçün input()funksiyasından istifadə olunur. Bu funksiya daxil edilən kəmiyyəti sətir kimi qəbul edir. Məsələn, a = input()komandasının icrası zamanı klaviaturada 123 ədədini yığıb <Enter> klavişini basdıqdan sonra a dəyişəni 123 qiymətini deyil, '123' qiymətini alır: a = '123'. Ona görə də bəzən kəmiyyətləri bir tipdən başqasına çevirmək lazım gəlir.
Başqa proqramlaşdırma dillərində olduğu kimi, Python dilində də kəmiyyətləri bir tipdən başqasına çevirmək üçün funksiyalar vardır. Məsələn, ədədi sətrə çevirmək üçün str() funksiyasından, sətri ədədə çevirmək üçün isə int() funksiyasından istifadə olunur.
>>> int ('123') >>> str (123)
123 '123'