Sözlük
• PikselElektron cədvəlin ilk növbədə hesablamaları avtomatlaşdırmaq üçün nəzərdə tutulduğunu və bu məqsədlə düsturlardan istifadə edildiyini bilirsiniz. Düsturda ədədi verilənlər, əməl işarələri, müxtəlif funksiyalar, eləcə də cədvəl obyektlərinin ünvanları ola bilər. Xanaların ünvanları olan düsturları riyazi tənliklərlə müqayisə etmək olar: tənliklərdə xanaların ünvanlarının yerinə dəyişənlərdən istifadə edilir.
Düsturun yazılışında xananın və ya xanalar diapazonunun ünvanı istinad vasitəsilə göstərilir. İstinadlar elektron cədvəlin ixtiyari xanalarını bir-birilə əlaqələndirməyə və cədvəl verilənlərinin lazım olan emalını həyata keçirməyə imkan verir.
Çox zaman eynitipli məsələlərin həllində eyni düsturlardan istifadə olunur. Müəyyən düsturu cədvəlin müxtəlif xanalarına hər dəfə yenidən daxil etməmək üçün onun kopiyasından yararlanmaq olar. Kopiyalama əməliyyatını eyni sətir və ya sütunda olan xanalar üzərində aparmaq üçün daha əlverişli üsul vardır. Bunun üçün öncə kopiyasını köçürmək lazım olan xana seçdirilir (bunu xananın ətrafında yaranan qalın qara çərçivəyə
görə bilmək olar). Sonra siçanın göstəricisini çərçivənin sağ aşağı küncündəki kiçik kvadrat üzərinə aparıb (göstərici + şəklini alacaq) siçanın sol düyməsini basıb saxlamaqla göstərici sətir, yaxud sütun boyunca hərəkət etdirilir. Siçanın düyməsini buraxdıqda ilkin xanadakı düstur seçdirilmiş bütün xanalara tətbiq olunur. Eyni üsulla istənilən xananın qiymətini başqa xanalara rahat və tez köçürmək mümkündür.Elektron cədvəldə düsturu bir xanadan başqasına köçürəndə düsturda istifadə olunan xanaların ünvanları – istinadlar avtomatik olaraq dəyişir. Belə istinadlar nisbi istinadlar adlanır. Nisbi istinad adi formada yazılır, məsələn: F3, E7.
Bəzi hallarda düsturu bir yerdən başqa yerə köçürərkən istinadların dəyişilməsi tələb olunmur. Belə hallarda elektron cədvəldə mütlәq istinadlardan istifadə olunur. Mütləq istinadda sütunun hərfinin və sətrin nömrəsinin qabağında $ simvolu qoyulur, məsələn: $F$3, $E$7.
Əgər düsturda istinadın iki hissəsindən biri – ya sütunun hərfi, ya da sətrin nömrəsi dəyişilirsə, onda qarışıq istinaddan istifadə olunur. Bu zaman $ simvolu istinadın yalnız dəyişilməz qalacaq hissəsinin qabağına qoyulur. Məsələn: $F3, E$7.