Bəzən mexaniki zədələr və ya başqa səbəblərdən sərt diskin hansısa sektorları korlanır. Belə sektorlara pis sektorlar (bad sectors) deyilir və əməliyyat sistemi verilənləri saxlamaq üçün həmin sektorlardan istifadə edə bilmir. Əgər diskdəki faylın hansısa hissəsi belə sektorlarda yerləşmiş olarsa, əməliyyat sistemi onu oxuya bilmir və xəta haqqında bildiriş verir (File system error). Windows əməliyyat sisteminin tərkibində olan ScanDisk proqramı belə xətaları düzəltməyə imkan verir.
Kompüterin sərt diskində milyardlarla sektor olur, ona görə də əməliyyat sistemi ayrı-ayrı sektorlarla deyil, onların qrupu ilə işləyir. Sektorlar qrupu klaster adlandırılır və onun ölçüsü sərt diskin ölçüsünə görə müəyyən olunur (adətən, 4 Kb olur).
Fayllar çox zaman birdən çox sayda klasterə yerləşir. Faylın sərt diskdə saxlanması əməliyyatı belə baş verir: əməliyyat sistemi faylın bir hissəsini bir boş klasterdə, ikinci hissəsini başqa bir boş klasterdə saxlayır və s. Yazılış yetərincə boş yeri olan diskdə aparılırsa, onda bir fayla aid olan klasterlər ardıcıl gəlir. Əgər disk bir qədər dolmuşsa, onun faylı yerləşdirmək üçün bütöv sahəsi (ardıcıl klasterləri) olmaya bilər. Ancaq buna baxmayaraq diskdə ümumi sahəsi yazı üçün yetərli olan çoxlu sayda kiçik boş hissələr olduğundan yazılış baş tutur. Bu halda fayl bir neçə fraqment şəklində yazılır. Kompüterdə müəyyən zaman işlədikdən sonra bir çox fayllar bütün diskə "səpələnmiş" olur. Bu hal fraqmentlәnmә, yaxud parçalanma adlanır. Belə hissələrə bölünmüş fayllara müraciət etdikdə onun hissələrinin “bir
yerə toplanması” müəyyən vaxt aparır ki, bu da kompüterin işini ləngidir. Fraqmentlənmə kompüterin operativ yaddaşında da ola bilər; bu, yaddaşın bölüşdürülməsi və boşaldılmasından sonra baş verir.Fraqmentlənməni aradan qaldırmaq, yəni diski bütünlәşdirmәk (defraqmentlәmәk) üçün xüsusi utilitlər vardır.