Prosessorun istənilən komandanı icra etməsini elementar əməliyyatlar ardıcıllığının yerinə yetirilməsi kimi təsəvvür etmək olar. Prosessorun durumunu dəyişən hər bir elementar əməliyyata müəyyən zaman – bir takt tələb olunur. Komandaların əksəriyyəti bir neçə takta yerinə yetirilir. Prosessorun taktlarının tezliyi (takt tezliyi) kənardan xüsusi generator tərəfindən təyin olunur.
Əgər iki prosessor bir-birindən yalnız takt tezliklərinə görə fərqlənirsə, onda verilənləri emaletmə sürətləri onların takt tezlikləri ilə düz mütənasibdir. Ona görə də prosessorun takt tezliyini onun məhsuldarlığının başlıca göstəricisi kimi istifadə etmək olar.
Tezliyi ölçmək üçün fiziki vahid 1 Hers qəbul olunub. Artıq ilk fərdi kompüterlərdə taktların sayı saniyədə bir neçə milyona bərabər olduğundan takt tezliyinin standart ölçü vahidi olaraq 1 meqahers (saniyədə milyon takt) götürüldü. Bugünkü fərdi kompüterlərin takt tezliyi isə giqaherslә (saniyədə milyard takt) ölçülür.
Prosessorun takt tezliyi ümumilikdə kompüter sisteminin məhsuldarlığının yeganə göstəricisi deyil. Eyni takt tezliyinə malik prosessorların məhsuldarlığı müxtəlif ola bilər. Bundan başqa, kompüterin məhsuldarlığı yalnız prosessordan asılı deyil. Başqa komponentlər verilənləri prosessora onun emal etdiyi sürətlə çatdıra bilmirsə, prosessor "boş dayana" bilər. Nəticədə sistemin ümumi məhsuldarlığı aşağı düşər.
Mərkəzi prosessorun bilavasitə hesablama işlərini görən hissəsi onun nüvәsi adlanır. İlk prosessorlarda bir nüvə olurdu, ancaq müasir prosessorlarda onların sayı iki və ya daha çox olur. Bir neçə nüvənin olması bir neçə məsələni (proqramı) paralel yerinə yetirməyə imkan verir ki, bu da kompüterin sürətini önəmli dərəcədə artırır. Başqa sözlə, mərkəzi prosessorun nüvələrinin sayı nə qədər çox olarsa, onun məhsuldarlığı da yüksək olar.
Sözlük
• Mərkəzi prosessorKompüter işləyərkən prosessor və operativ yaddaş arasında aramsız olaraq verilənlərin mübadiləsi gedir. Bu mübadilənin sürəti kompüter sisteminin məhsuldarlığının mühüm göstəricisidir. O, həm yaddaş mikrosxemlərinin parametrlərindən, həm də bütövlükdə kompüter sisteminin özəlliklərindən asılı olur. Adətən, prosessoru və yaddaşı birləşdirən şinin (verilənlərin ötürülməsi üçün nəzərdə tutulmuş elektrik keçiriciləri) tezliyi prosessorun işləmə tezliyindən bir neçə dəfə az olur ki, bu da prosessorun işində gecikmələrə səbəb ola bilir.