1876-cı ildə telefon ixtira olundu. Burada səs vibrasiyaları nazik və elastik lövhə – membran tərəfindən qəbul edilirdi. Görkəmli ixtiraçı Tomas Edisonu belə bir sual düşündürürdü: lövhənin titrəyişlərini hansısa yolla yazmaq olarmı?
Edison telefonun səs borusunu götürdü və membrana iynə birləşdirdi. O, borunun içərisinə nə isə deyəndə membran ilə birlikdə iynə də titrəyirdi və onun altında hərəkət edən kağız zolağını cızırdı. Beləliklə, səsi yazmaq mümkün oldu, ancaq onu necə səsləndirmək məsələsi qalırdı. Edisonun ağlına daha bir böyük fikir gəldi: adi kağızın əvəzinə qalaydan olan folqadan istifadə etmək. İynəni silindrin üzərinə çəkilmiş folqaya yaxınlaşdırdıqda o, folqada şırım açırdı. İynənin titrəyişindən asılı olaraq bu şırımın dərinliyi dəyişirdi. Edisonun beynində yeni bir fikir oyandı: axı bu prosesi dala da qaytarmaq olar!
İlk fonoqrafın sxemi
Əgər iynənin ucu yazılmış şırıma sürtülərək hərəkət etdirilsə, o, səsin yazılışında olduğu kimi, membranı titrəməyə məcbur edəcək!
Edison aparatın eskizini çəkib laboratoriyasının işçisinə verdi. Aparat hazır olduqda Edison onu sınaqdan keçirtdi. Silindri fırladaraq o, səs borusuna (rupora) "Merinin bir quzusu vardı" məşhur uşaq şeirini dedi. İynə silindr üzərində şırım açdı. Edison iynənin ucunu şırımın başlanğıcına yerləşdirdi və barabanı fırladaraq səs borusundan çox böyük sevinclə öz yazılmış səsini eşitdi.
Beləliklə, səsi yazmaq üçün dünyada ilk qurğu – fonoqraf yarandı. Onun sonrakı inkişafı qrammofon və patefonun yaranmasına səbəb oldu. XX əsrin ortalarında elektrofon – patefonun elektriklə işləyən analoqu meydana çıxdı.