Sözlük
• Veb-saytKompüterlərin İnternetə çıxışı çox zaman telefon şəbəkəsi vasitəsilə həyata keçirilir. Təəssüf ki, informasiyanın telefon şəbəkəsi ilə ötürülmə sürəti elə də böyük deyil. Buna görə də vahid zamanda göndərilən simvolların miqdarını, başqa sözlə, trafiki azaltmaq üçün İnternetdə sənədin özü deyil, onun xüsusi dildə təsviri göndərilir. HTML (HyperText Markup Language, hipermətn nişanlama dili) adlı bu dil veb-sənədləri təsvir etmək üçün nəzərdə tutulub (HTML "eyç-ti-em-el", yaxud "haş-ti-em-el" kimi tələffüz olunur). Sənədin bu dildə yazılmış təsvirini alan brauzer mətni formalaşdırmaqla və illüstrasiyaları uyğun yerlərə qoymaqla sənədi yenidən yaradır. Hər dəfə veb-səhifəni açarkən, əslində, HTML dilində yazılmış sənəd açılmış olur. Bütün veb-sənədlər HTML dilinin köməyilə formatlanmışdır.
İnformasiyanı ekrana necə çıxartmağı brauzerə, yaxud başqa proqrama göstərmək üçün HTML dilində teqlәr toplusundan istifadə olunur. Teqlәr mətnin brauzerdə əksolunma qaydasını müəyyənləşdirən göstərişlərdir. Teq həmişə açan künc mötərizə (< işarəsi) ilə başlayır və bağlayan künc mötərizə (> işarəsi) ilə bitir. Teqlərin köməyilə sənəddə bölümlər, abzaslar, siyahılar, rəsmlər, cədvəllər, kolontitullar və başqa obyektlər təyin oluna bilər.
Hər bir blokun daxilində şrifti, simvolların ölçüsünü, mətnin rəngini dəyişmək, mətni kursivlə seçdirmək, yaxud onu qalın etmək olar. HTML-in yaradıcısı Tim Berners-Li (Tim Berners-Lee) hesab olunur.