Bu izolyasiyaya görə koaksial kabeldən keçən siqnallar qonşu keçiricilərə, digər elektrik qurğularının yaratdığı maneələr
isə koaksial kabeldən keçən siqnallara təsir etmir. Göstərilən üstünlüklərinə görə
bu kabellər sarınmış cütlük kabellərinə nisbətən bahadır.
- Fiber-optik kabel. Fiber-optik kabel (optik lif kabeli) nazik, elastik şüşə borucuqlardan
hazırlanır. Bu kabellərin ənənəvi metal rabitə xətlərindən bir sıra üstünlükləri
var. Buraxılış zolağının eni çox böyük olduğundan o, daha çox verilənləri
daşıya bilir; metal naqillərə nisbətən daha yüngüldür və maneələrə daha az həssasdır.
Fiber-optik kabellərin əsas çatışmazlığı onların kövrək və baha olmasıdır.
Hazırda verilənləri daşımaq üçün fiziki vasitələrlə yanaşı, simsiz vasitәlәrdәn də
geniş istifadə olunur.
- Radiosiqnallar. Radiosiqnallar vasitəsilə ötürülmə zamanı ötürücü və qəbuledici
antenalar arasında görünüş xəttinin olması vacibdir; belə ki, siqnal bir mənbədən
o birisinə düz xətt boyunca ötürülür. Radioveriliş üçün siqnalları göndərən
radioötürücü aparatın və siqnalları qəbul edən radioqəbuledicinin olması lazımdır.
- Mikrodalğalar. Mikrodalğalı siqnallar fəzada elektromaqnit dalğaları formasında
yayılır. Radiosiqnallar kimi, onlar da bir mikrodalğa stansiyasından digərinə düz
xətt üzrə göndərilir. Maneələrin təsirindən qaçmaq üçün mikrodalğa stansiyalarının
əksəriyyəti yüksəkliklərdə, yaxud hündür binaların başında quraşdırılır.
- Peyk rabitәsi vasitәlәri. Rabitə peykləri orbitdə Yerin səthindən on minlərlə
kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə Yerlə eyni sürətlə fırlanmaqla
Yer səthindəki bir nöqtə üzərində sabit mövqe saxlamağa imkan verir.
Peykdəki avadanlıqlar Yerdən göndərilən siqnalları gücləndirir və onları yenidən
Yerə qaytarır.
Şəbəkə qurarkən bu rabitə vasitələrindən hər hansı birini seçmək üçün bir neçə
amili – şəbəkənin növünü, ölçüsünü (miqyasını) və onun maya dəyərini nəzərə
almaq lazımdır.